"Azərbaycanla İtaliya arasında həm yüksək səviyyəli siyasi, həm də geniş ticarət və iqtisadi əlaqələr mövcuddur. Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətləri arasında İtaliya rəsmiləri də olub".
Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
_(1)_(1).jpg)
Politoloqun sözlərinə görə, 2020-ci il Vətən müharibəsindən və 2021-ci ilin əvvəlindən etibarən İtaliya nümayəndələrinin Azərbaycana, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfərləri ölkəmizlə münasibətlərə verilən əhəmiyyətin göstəricisi kimi qiymətləndirilə bilər.
İtaliyanın katolik dünyasının mərkəzi hesab olunan ölkələrdən biri olmasına baxmayaraq, Azərbaycanla münasibətlərində dini amildən daha çox siyasi və qarşılıqlı maraqların əsas götürülməsi diqqət çəkir. Müharibədən sonrakı dövrdə İtaliya nümayəndələrinin Azərbaycana səfərləri və əməkdaşlığa maraq göstərməsi ölkəmizə münasibətdə dəstək xarakterli addımlar kimi dəyərləndirilə bilər. Bu baxımdan İtaliya ilə münasibətlər Azərbaycanın Avropa ölkələri ilə əlaqələri arasında xüsusi yer tutur.
Çinlə münasibətlərə gəldikdə isə, bu ölkə dünyanın aparıcı dövlətlərindən biridir. Azərbaycan və Çin arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Prezident İlham Əliyevin Çinə səfəri, orada yüksək səviyyədə qəbul edilməsi və aparılan danışıqlar sonrakı əməkdaşlıq üçün mühüm əsaslar yaradıb. Hazırda Çin şirkətlərinin Azərbaycana maraq göstərməsi də həmin əlaqələrin inkişafının nəticələrindən biri kimi qiymətləndirilə bilər.
Bununla belə, Çinlə əməkdaşlıqda müəyyən ehtiyatlılığın qorunması vacibdir. Çinin müxtəlif ölkələrdə həyata keçirdiyi iqtisadi layihələr və onların mümkün nəticələri ilə bağlı fərqli yanaşmalar mövcuddur. Buna görə də Azərbaycan Çinlə münasibətlərini qarşılıqlı maraqlar, milli iqtisadi təhlükəsizlik və uzunmüddətli strateji məqsədlər əsasında inkişaf etdirməlidir.
Çinlə əməkdaşlığın genişləndirilməsi, xüsusilə iqtisadiyyat, investisiya, sənaye və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün faydalı ola bilər. Xarici şirkətlərin ölkəyə cəlb edilməsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığın artmasına və əhalinin gəlirlərinin yüksəlməsinə şərait yarada bilər. Bu baxımdan xarici investisiyaların təşviqi həm iqtisadi inkişafın, həm də sosial rifahın yaxşılaşdırılmasına xidmət edən addımlardan biri kimi nəzərdən keçirilə bilər".