Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olacaq.
SİA xəbər verir ki, bununla bağlı saziş Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində imzalanıb.
Məlumata görə, sənədi Azərbaycan tərəfdən Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktor əvəzi Dəyanət Sədullayev, qarşı tərəfdən isə Oman İnvestisiya Qurumunun Dövlətlərarası (G2G) fondları üzrə meneceri Saif Əl- Mahruqi imzalayıb.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.