“Birinci yanlış təsəvvür ondan ibarətdir ki, proteksionizm və deqloballaşma dünyasına doğru gedirik. İkinci yanlış təsəvvür isə fiziki dünyadan virtual dünyaya keçdiyimizi düşünməkdir. Üçüncü yanlış təsəvvür isə ən qabaqcıl innovasiyalara malik olmayan ölkələrin geridə qalacağı ilə bağlıdır”.
SİA xəbər verir ki, bunu iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini “Azərbaycan Beynəlxalq İnvestisiya Forumu – Qlobal artım, investisiya və bağlantının gələcəyinin formalaşdırılması” panel sessiyasında deyib.
O bildirib ki, qloballaşmaya qarşı müəyyən reaksiyalar olsa da, dünyada qarşılıqlı asılılıq artır. Onun sözlərinə görə, yalnız malların deyil, xidmətlərin də beynəlxalq ticarəti genişlənir, texnologiya və rəqəmsal xidmətlərin inkişafı bu prosesi sürətləndirir.
N.Roubini kapitalın da getdikcə daha mobil olduğunu və investisiya imkanlarının mövcud olduğu ölkələrə yönəldiyini qeyd edib. O vurğulayıb ki, rəqəmsal texnologiyalar sayəsində dünyanın istənilən yerində fəaliyyət göstərən proqramçı digər ölkələrə xidmət göstərə bilər.
İqtisadçı texnologiyanın inkişafının fiziki dünyanın əhəmiyyətini azaltmadığını bildirib. Onun sözlərinə görə, süni intellekt və hesablama sistemlərinin geniş tətbiqi daha çox enerji, xammal və digər resurslara ehtiyac yaradır.
“Bizə yarımkeçiricilər, robotlar, avtomatlaşdırma, yaşıl enerji və digər texnologiyalar lazımdır. Bu isə fiziki infrastrukturun, ticarətin, nəqliyyatın və logistikanın əhəmiyyətini artırır”, – deyə N.Roubini bildirib.
O qeyd edib ki, gələcəkdə həm rəqəmsal, həm də fiziki infrastruktura, enerji və xammala, eləcə də daha çox ticarət və bağlantıya ehtiyac olacaq.
İnnovasiya məsələsinə toxunan N.Roubini ən qabaqcıl texnoloji yeniliklərin əsasən ABŞ və Çində meydana gəldiyini deyib. Bununla belə, onun sözlərinə görə, texnoloji innovasiyaların böyük hissəsi ümumi təyinatlıdır və dünyanın müxtəlif yerlərində tətbiq edilə bilər.
İqtisadçı buna nümunə olaraq elektrik enerjisini göstərib və qeyd edib ki, bir əsrdən əvvəl ABŞ-da yaradılan texnologiyadan bu gün dünyanın müxtəlif ölkələrində, o cümlədən inkişaf etməkdə olan regionlarda istifadə olunur.