“İkinci qanun ümumi hüquq (“common law”) prinsiplərinə əsaslanan müstəqil beynəlxalq kommersiya məhkəməsinin yaradılması ilə bağlıdır. Burada əsas məqsəd investorların Özbəkistana gəldikləri zaman yerli və milli qanunvericiliklə bağlı narahatlıq yaşamamasını təmin etməkdir”.
SİA xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov “Azərbaycan Beynəlxalq İnvestisiya Forumu – Qlobal artım, investisiya və bağlantının gələcəyinin formalaşdırılması” panel sessiyasında deyib.
Nazir bildirib ki, investisiyalar və biznes fəaliyyəti ümumi hüquq prinsiplərinə uyğun tənzimlənəcək. Onun sözlərinə görə, bu addım ölkədə kapital bazarının inkişafına və daha çox investisiyanın cəlb edilməsinə imkan verəcək.
L.Kudratov insan kapitalının inkişafının da əsas istiqamətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, Özbəkistan hazırda süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirir.
Nazirin sözlərinə görə, gənclərin dəstəklənməsi və onların xarici bazarlara çıxışının təmin edilməsi məqsədilə ölkə üzrə İT parklar şəbəkəsi yaradılıb. Ötən il Özbəkistan tarixində ilk dəfə İT ixracının həcmi 1 milyon dollara çatıb. İT ixracının 46 faizi Şimali Amerikanın payına düşüb.
“Bu səbəbdən 2030-cu ilədək İT ixracının 5 milyard dollara çatdırılmasını hədəf kimi müəyyən etmişəm”, – deyə nazir bildirib.
O, həmçinin süni intellekt infrastrukturunun inkişafının dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, məlumat mərkəzləri üçün kilovat-saatı 5 sentə yaşıl elektrik enerjisi və fasiləsiz yaşıl enerji təchizatı təklif edilir.
L.Kudratov Səudiyyə Ərəbistanı və Çindən olan investorların artıq Daşkənddə hipermiqyaslı məlumat mərkəzləri qurmağa başladığını da diqqətə çatdırıb.
“Bizim müəyyən strategiyamız və illər üzrə inkişaf planımız var. Cəlbedici və dayanıqlı Özbəkistan yaratmaq məqsədinə doğru irəliləyirik”, – deyə nazir əlavə edib.