“Regional tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır” -MİKAYIL CABBAROV

25 Sentyabr 2026 12:04 (UTC+04:00)

“Hazırda xidmətlər və ya mənim “istehsal iqtisadiyyatı” adlandırdığım sahə üzrə bir sıra prioritet istiqamətlər üzərində çalışırıq”.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Beynəlxalq İnvestisiya Forumu – Qlobal artım, investisiya və bağlantının gələcəyinin formalaşdırılması” panel sessiyasında deyib.

Nazir bildirib ki, əsas prioritetlərdən biri uzunmüddətli maliyyələşməyə çıxışın təmin edilməsi və kapital bazarlarının inkişaf etdirilməsidir. Onun sözlərinə görə, maliyyə sektorunun fəallaşdırılması istehsal və investisiya fəaliyyəti üçün maliyyə resurslarına çıxışın təmin olunmasına imkan verəcək.

M.Cabbarov regional tərəfdaşlığın da xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, bu prosesdə ekspertiza və təcrübə mühüm rol oynayır və ölkələr yalnız daxili bazarları ilə məhdudlaşmamalıdır.

“Orta Dəhliz də burada mühüm rol oynayır. Bu dəhliz yalnız tranzit yüklərin daşınması üçün marşrut deyil. Eyni zamanda birgə emal, logistika mərkəzlərinin yaradılması, maliyyə mərkəzlərinin və maliyyə imkanlarının inkişaf etdirilməsi üçün də əhəmiyyətlidir”, – deyə nazir vurğulayıb.

Nazirin sözlərinə görə, bu istiqamətlər sektorun inkişafına dair milli strategiya baxımından mühüm əhəmiyyət daşıyır.

“İqtisadiyyatların qarşılıqlı asılılığını nəzərə alırıq. Növbəti inkişaf mərhələsinə keçmək üçün bir-birimizə daha çox ehtiyacımız var. Çünki birlikdə daha böyük bazara və daha müxtəlif təchizat imkanlarına malik oluruq”, – deyə M.Cabbarov əlavə edib.