Mərkəzi Gömrük Hospitalında “Elmi dərəcəsi olan mütəxəssislərlə görüş” keçirilib

25 Sentyabr 2026 11:27 (UTC+04:00)

24 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Elmi dərəcəsi olan mütəxəssislərlə görüş” keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd klinik tədqiqatların və inkişafın dəstəklənməsi, tibb sahəsində elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və müasir elmi nailiyyətlərin praktiki təbabətə tətbiqinin müzakirəsi olub.
Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbiri açıq elan edərək qonaqları salamlayıb. O, çıxışı zamanı Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyəti, tibbi təhsilin təşkili, Bioetika Komitəsinin fəaliyyəti və klinik tədqiqatların əhəmiyyəti barədə ətraflı məlumat verib. Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov isə çıxışında qeyd olunan istiqamətlər üzrə fikirlərini bölüşüb, həkimləri klinik və elmi tədqiqatlarda daha fəal iştirak etməyə, elmi fəaliyyətlərini inkişaf etdirməyə çağırıb.
Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkimi, t.e.d. Bəxtiyar Musayev çıxış edərək görüşün təşkil edilmə məqsədinə toxunub, həkimlərin peşəkar inkişafının vacibliyini, həkimlərimizin moderator kimi çıxış etməsinin əhəmiyyətini və hospitalda region üzrə əldə olunan ilk elmi-praktiki nailiyyətləri diqqətə çatdırıb. Spikerlər bu barədə öz təcrübə və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıblar.
Eyni zamanda, Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi, uzman patomorfoloq Zərifə Yusifli, uzman üz-çənə cərrahı, implantoloq, Ülviyyə Məmmədova və mama-ginekoloq, t.ü.f.d. Sədi Allahverdiyev çıxış edərək mövzu ilə bağlı öz rəy və təkliflərini bildiriblər.
Tədbir çərçivəsində elmi dərəcəsi olan tibb işçilərinin potensialından istifadə olunmaqla yeni tədqiqat layihələrinin işlənilməsi, multidissiplinar elmi əməkdaşlığın qurulması, elmi məqalələrin hazırlanması və tibbi inkişaf strategiyalarının reallaşdırılması məsələləri nəzərdən keçirilib.
İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçılar klinik tədqiqatların gələcək perspektivləri, elmi-mütəxəssis şəbəkəsinin gücləndirilməsi və təcrübə mübadiləsi istiqamətində açıq diskussiya və sual-cavab sessiyasında fəal iştirak ediblər.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının bazasında 2 Əməkdar həkim, 2 tibb üzrə elmlər doktoru, 18 fəlsəfə doktoru, 19 uzman həkim, 5 doktorant, 1 akademik və 1 dosent fəaliyyət göstərir. Mərkəzi Gömrük Hospitalında elmi-praktiki mühitin inkişafına təkan verən bu kimi tədbirlər tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və tibb elminin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsinə mühüm töhfə verir.