27 Sentyabr Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Zəfər Abidəsi və Zəfər Muzeyini ziyarət edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar əvvəlcə Zəfər Abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri qoyub, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra nümayəndə heyəti Zəfər Muzeyini ziyarət edərək Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbəni əks etdirən eksponatlar, foto və digər materiallarla tanış olublar. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək peşəkarlıq, şücaət və qəhrəmanlıq nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu tarixi Qələbə Azərbaycan xalqının milli qürur və həmrəyliyinin təntənəsi olmaqla yanaşı, gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyan tarixi hadisədir.
Ziyarət çərçivəsində nümayəndə heyəti Zəfər Muzeyinin kinozalında “Şuşa, sən azadsan” filmini izləyərək Vətən müharibəsinin tarixi məqamlarını və Şuşanın azadlığı ilə bağlı hadisələri əks etdirən ekran əsəri ilə tanış olublar. Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şəhidlərimizin xatirəsi hər zaman dərin ehtiramla anılır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!