Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər

25 Sentyabr 2026 11:07 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SİA-ya verilən məlumata görə, hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə olunmuş irəliləyişi nəzərdən keçiriblər. Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib.

Bu kontekstdə sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb.

Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Nazirlər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.