“Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib“ -MİKAYIL CABBAROV

25 Sentyabr 2026 10:58 (UTC+04:00)

Azərbaycan uzunmüddətli siyasət və davamlı investisiyalar hesabına beynəlxalq nəqliyyat qovşağı formalaşdırıb.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri hər iki istiqamətdə fəaliyyət göstərir.

Nazirin sözlərinə görə, beynəlxalq dəniz limanı, dəmir yolları, gəmiqayırma zavodu və yükdaşıma donanması Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin əsas elementləri sırasındadır.

Mikayıl Cabbarov qeyd edib ki, dəhliz boyunca tərəfdaşlarla əməkdaşlıq marşrutun təhlükəsiz və etibarlı fəaliyyətinə imkan yaradır. Onun sözlərinə görə, yük həcmləri hər il artır və mövcud potensial daha böyükdür.

Nazir vurğulayıb ki, dəhlizlərin Azərbaycan ərazisindən keçən hissələrinin tikintisi başa çatıb. Növbəti mərhələdə əsas diqqət xidmətlərin keyfiyyətinin artırılmasına yönəldiləcək.

O bildirib ki, məqsəd Azərbaycanın yalnız təhlükəsiz deyil, həm də qiymət və vaxt baxımından rəqabətqabiliyyətli nəqliyyat qovşağı olmasıdır.