Aydın qaydalar, investisiyaların qorunması və etibarlı mübahisələrin həlli mexanizmləri investisiya mühitinin fundamental elementləridir.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, uzunmüddətli perspektivdə razılaşmaların icrasının təmin olunması da mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu məqsədlə Baş nazirin müavininin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb. Komissiya strateji investisiya layihələrinin sürətlə həyata keçirilməsini prioritetləşdirir və dövlət qurumları arasında icra prosesinin əlaqələndirilməsini təmin edir.
Mikayıl Cabbarov qeyd edib ki, investorların uzunmüddətli layihələri inamla həyata keçirə bilməsi üçün investisiya mühitinin proqnozlaşdırılan və şəffaf olması vacibdir.