“Azərbaycan yaşıl enerji dəhlizlərinin inkişafına xüsusi əhəmiyyət verir” -SAMİR ŞƏRİFOV

25 Sentyabr 2026 10:39 (UTC+04:00)

Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşına çevrilir və ölkənin enerji siyasəti yalnız enerji təchizatı ilə məhdudlaşmır.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın baxışı yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir. Bu, bərpa olunan enerjinin regional bazarlara inteqrasiyasına, Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında bağlantının gücləndirilməsinə imkan yaradır.

Samir Şərifov qeyd edib ki, ənənəvi enerji sektorundan əlavə, Azərbaycan istehsal, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm və infrastruktur sahələrində əhəmiyyətli investisiya imkanları təklif edir.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və inkişaf layihələri də investisiya imkanlarını genişləndirir.

Baş nazirin müavini vurğulayıb ki, müasir infrastruktur, sənaye parkları, iqtisadi zonalar və dövlət-özəl tərəfdaşlığı mexanizmləri investorlar üçün möhkəm baza yaradır.