Formula 1 yarışları Azərbaycanın idman və turizm inkişafına necə təsir edir? -REPORTAJ

24 Sentyabr 2026 16:17 (UTC+04:00)

Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq turizm imkanlarının tanıdılması və iqtisadi fəallığın artırılması baxımından mühüm platformalardan biridir. Yarış günlərində ölkəyə gələn xarici turistlərin sayının artması hotellər, restoranlar, nəqliyyat, xidmət və əyləncə sektorlarında əlavə iqtisadi canlanma yaradır. Eyni zamanda, Bakının beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi şəhərin turizm imicinin güclənməsinə və Azərbaycanın dünya miqyasında tanıdılmasına töhfə verir.

Formula 1 yarışları zamanı ölkəyə gələn turistlərin xərcləri müxtəlif xidmət sahələrinin dövriyyəsinə təsir göstərir. Otelçilik, ictimai iaşə, nəqliyyat, ticarət və digər xidmət sahələrində tələbatın artması sahibkarlıq fəaliyyəti üçün əlavə imkanlar yaradır.

Yarışın beynəlxalq auditoriyaya yayımlanması isə Azərbaycanın turizm potensialının daha geniş coğrafiyada nümayiş etdirilməsinə şərait yaradır. Bakı şəhərinin müasir infrastrukturu, tarixi məkanları və mədəni irsi yarışla bağlı yayımlarda təqdim olunaraq ölkənin turizm imkanlarına əlavə maraq formalaşdıra bilər.

Eyni zamanda, Formula 1 kimi böyükmiqyaslı tədbirlərin keçirilməsi ölkənin tədbir və idman turizminin inkişafına da imkan yaradır. Bu cür beynəlxalq yarışlar Azərbaycanın gələcəkdə digər qlobal tədbirlərə ev sahibliyi etmək təcrübəsinin genişlənməsinə, xidmət standartlarının yüksəldilməsinə və turizm sektorunda yeni əməkdaşlıqların formalaşmasına töhfə verə bilər.

SİA mövzu ilə bağlı xarici qonaqlar arasında reportaj hazırlayıb.

Formula 1 yarışını Bakıda izləmək sizdə hansı təəssüratları yaratdı?

Bakı şəhərinin atmosferi və yarışın keçirildiyi məkan barədə fikirləriniz necədir?

Bu yarış Azərbaycana yenidən gəlmək və ölkəni daha yaxından tanımaq istəyinizə təsir etdimi?

Qazaxıstan vətəndaşı Timur Əbdullayev:

“Bakıda Formula 1 yarışına gəlmək çox yaxşı seçim oldu. Yarışın canlı atmosferi həqiqətən insana böyük həyəcan verir. Xüsusilə bolidlərin küçə trasında hərəkət etməsi çox maraqlıdır. Bakı şəhəri də məndə yaxşı təəssürat yaratdı. Şəhər həm müasir, həm də öz tarixi simasını qoruyub saxlayan bir yerdir. Bulvar ərazisində gəzdik, şəhərin mərkəzini gördük. İnsanların münasibəti də çox yaxşıdır. Düşünürəm ki, Formula 1 Bakını görmək üçün də yaxşı bir fürsət oldu.”

Rusiya vətəndaşı Dayana Petrova:

“Bakıya ilk dəfə gəlirəm və Formula 1 yarışını burada izləmək mənim üçün çox maraqlı oldu. Yarışın keçirildiyi ərazidə atmosfer çox yüksəkdir. İnsanların yarışa marağı və azarkeşlərin enerjisi hiss olunur. Eyni zamanda Bakını gəzməyə də vaxt ayırdıq. Şəhərin memarlığı məndə böyük təəssürat yaratdı. İçərişəhəri, bulvarı və şəhərin mərkəzini gördüm. Bakı həm qədim, həm də müasir görünür. Burada özümü çox rahat hiss etdim və gələcəkdə yenidən gəlmək istərdim.”

Slovakiya vətəndaşı Peter Novák:

“Bakıya Formula 1 üçün gəlmişəm və artıq iki gündür buradayam. Səfərim indiyə qədər çox yaxşı keçir. Yarışın təşkil olunduğu ərazidə böyük enerji var. Dünyanın müxtəlif ölkələrindən azarkeşlərin burada olması tədbirə xüsusi rəng qatır. Bakı şəhərinə gəlməmişdən əvvəl şəhərin bu qədər fərqli memarlıq üslublarını bir arada təqdim etdiyini düşünmürdüm. Tarixi binalar, müasir göydələnlər və dəniz mənzərəsi çox maraqlı kombinasiya yaradır. İki gün ərzində şəhərin bir neçə yerini gəzməyə imkanım olub. Yarışdan sonra da Bakını daha ətraflı gəzmək və Azərbaycan mətbəxini dadmaq istəyirəm.”

Rusiya vətəndaşı Kirill Belov:

“Bura Formula 1-ə görə gəlmişəm və yarışın bu qədər böyük maraq doğurması xoşuma gəldi. Tribunada və şəhərdə ümumi atmosfer çox yaxşıdır. Yarışı televizorda izləməklə canlı izləmək arasında böyük fərq var. Bakı isə gözlədiyimdən daha böyük və müasir şəhərdir. Burada bir tərəfdən müasir binalar, digər tərəfdən isə tarixi küçələr və qədim tikililər var. Dənizkənarı bulvarda da gəzdik, şəhərin mənzərəsi çox xoşuma gəldi. Vaxtım olsa, Bakıya yenidən gəlmək istərdim.”

Yarışla bağlı Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Könül Nurullayeva fikirlərini bölüşüb:

“Sürət, texnologiya, rəqabət və yüksək təşkilatçılığın vəhdətini özündə birləşdirən Formula 1 artıq uzun illərdir ki, Bakının beynəlxalq idman təqviminin ayrılmaz hissəsinə çevrilib. 2026-cı il isə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu il Formula 1-in Bakı Şəhər Halqasında keçirilməsinin 10-cu ildönümüdür. 2016-cı ildə Avropa Qran-Prisi ilə başlayan Bakı macərası 2017-ci ildən Azərbaycan Qran-Prisi adı ilə davam edib.

Bakı Şəhər Halqasını digər Formula 1 traslarından fərqləndirən əsas xüsusiyyət onun şəhərin tarixi və müasir simasını bir arada nümayiş etdirməsidir. Bakıda Formula 1-ə marağın ildən-ilə artması yarış infrastrukturunun genişləndirilməsində də özünü göstərir. Belə ki, son üç ildə dörd yeni tribunanın quraşdırılması nəticəsində ümumi tribunaların tutumu 6 mindən çox artırılıb. Təkcə 2025-ci il Formula 1 Azərbaycan Qran-Prisi zamanı yarış həftəsonunda 90 mindən çox tamaşaçı qeydə alınıb. Bu, son doqquz ilin ən yüksək iştirak göstəricisi olub.
Bu rəqəmlər onu deməyə əsas verir ki, Formula 1 minlərlə insanın Bakıya gəlməsinə səbəb olan böyük bir tədbirdir. Bu da bu nüfuzlu idman yarışının turizmə yaratdığı əlavə imkanlardır. Yarışın şəhər trasında keçirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki beynəlxalq televiziya auditoriyası eyni zamanda Bakının memarlığını, Xəzər sahilini, İçərişəhəri və paytaxtın müasir simasını da görür.
Prezident İlham Əliyev də müxtəlif illərdə Formula 1-in Azərbaycanda turizmin inkişafına verdiyi töhfəni xüsusi qeyd edib. Hələ 2019-cu ildə ilk Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 24 faiz artıb, növbəti il daha 22 faiz, sonrakı il isə 5 faiz artım qeydə alınıb.
Formula 1-in turizmə təsiri yalnız yarış günlərində Bakıya gələn azarkeşlərlə məhdudlaşmır. Bu tədbir Azərbaycanı ilk dəfə görən insanlar üçün ölkə haqqında ilkin təsəvvür yaradır və digər turizm imkanlarını kəşf edir. Bu isə Formula 1-i Azərbaycanın turizm brendinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən platformalardan birinə çevirir.
Son illərdə Azərbaycanın turizm coğrafiyasının genişlənməsi də bu baxımdan diqqət çəkir. Yeri gəlmişkən, 2025-ci ildə Mərkəzi Asiyadan Azərbaycana turist axınında artım qeydə alınıb.
Böyük beynəlxalq idman tədbirlərinin iqtisadi əhəmiyyəti həm də ondadır ki, ictimai iaşə, nəqliyyat, ticarət, turizm xidmətləri, logistika və digər sahələrdə əlavə iqtisadi fəallıq yaranır.
Formula 1 həm də Azərbaycanın dünyaya təqdimat platformasıdır. Dünyanın müxtəlif ölkələrində yarışları izləyən milyonlarla tamaşaçı Bakını görür. Təsadüfi deyil ki, 2024-cü il Azərbaycan Qran-Prisinin qlobal televiziya auditoriyası 66 milyondan çox olub, həmin yarış həftəsonunda 70-dən çox ölkədən azarkeşlər Bakıya gəlib.
Bu baxımdan Formula 1 Azərbaycanın “yumşaq güc” imkanlarını genişləndirən beynəlxalq platformalardan biri kimi də çıxış edir. İdman vasitəsilə ölkənin müasir infrastrukturu, təhlükəsizliyi, qonaqpərvərliyi, mədəni irsi və turizm imkanları haqqında məlumat qlobal auditoriyaya çatdırılır.
Formula 1-in başqa bir mühüm nəticəsi isə insan kapitalının inkişafıdır. Belə böyük beynəlxalq tədbirin təşkili yüzlərlə peşəkarın və könüllünün koordinasiyalı fəaliyyətini tələb edir. Təhlükəsizlik, logistika, qonaqların qarşılanması, kommunikasiya və digər istiqamətlərdə əldə olunan təcrübə gənclərin beynəlxalq tədbirlərdə iştirak bacarıqlarını artırır.
Yeri gəlmişkən, 2026-cı il Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasında marşallar üçün xüsusi hazırlıq və təlimlər keçirilib. Təlimlərdə təhlükəsizlik, sürücülərin avtomobildən təhlükəsiz çıxarılması, fövqəladə vəziyyətlərə operativ reaksiya və komanda koordinasiyası kimi məsələlərə diqqət yetirilib.
Beləliklə, Formula 1 Azərbaycan üçün həyəcanlı idman tədbiri olmaqla yanaşı, həm də ölkəmizin turizm potensialının nümayişi, beynəlxalq tanıtım imkanlarının genişləndirilməsi, həmçinin Azərbaycanın müasir idman ölkəsi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından kompleks əhəmiyyət daşıyan beynəlxalq layihədir”.

Bakı Şəhər Halqası mətbuat xidmətinin

Formula 1 yarışı ilə bağlı açıqlamasında bildirilir ki,

“Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayı 16 mini keçərək rekord həddə çatıb. Artan azarkeş tələbatı ilə əlaqədar Bakı Şəhər Halqasında yeni tribuna istifadəyə verilib və ümumi tamaşaçı tutumu 21 mini keçib. Son üç ildə dörd yeni tribuna quraşdırılıb, ümumi tutumu 6 mindən çox yer artırılıb. 2025-ci ildə yarış həftəsonunda 90 mindən çox iştirak qeydə alınıb.

Yarış Reuters, BBC, Sky Sports və ESPN daxil olmaqla nüfuzlu beynəlxalq media qurumları tərəfindən geniş işıqlandırılır. 2025-ci ildə Azərbaycan Qran-Prisinin ESPN-də canlı yayımını orta hesabla 1,1 milyon tamaşaçı izləyib. Bu, Bakı yarışı üçün ABŞ televiziyasında qeydə alınan ən yüksək auditoriya göstəricisidir; əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı olub.

Azərbaycan Qran-Prisinin 2026-cı il könüllülük proqramına cəmi 72 saat ərzində 49 min müraciət daxil olub. Onların arasından təxminən 2 min könüllü yubiley yarışının təşkilinə cəlb edilib.

Qran-Prinin hazırlıq və yarışdan sonrakı demontaj mərhələlərində 1 400-dən çox mühəndis, texnik, montajçı və logistika mütəxəssisi çalışır. Yarış həftəsi ərzində isə tədbirin təşkilinə 1500 nəfərlik işçi heyəti, 2000 könüllü və 1100 marşal cəlb olunur.

Formula 1 həmçinin ölkədə turizm, hotelçilik və nəqliyyat sektorlarında iqtisadi aktivliyi artıraraq əlavə gəlir imkanları yaradır. Yarışın beynəlxalq işıqlandırılmasında hər il təxminən 300 yerli və beynəlxalq jurnalist iştirak edir”.

Formula 1 yarışının Bakıda keçirilməsi yalnız idman hadisəsi kimi deyil, həm də turizm və iqtisadiyyat üçün mühüm imkan kimi qiymətləndirilə bilər. Yarışın yaratdığı beynəlxalq maraq Azərbaycanın tanıdılmasına, xarici turistlərin ölkəyə səfərlərinin artmasına, yerli xidmət sektorunda fəallığın yüksəlməsinə və Bakının beynəlxalq tədbirlər şəhəri kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradır.