Çoxmənzilli binada mənzil fərdi mülkiyyət, pilləkən-lift-həyət isə ümumi paylı mülkiyyətdir. Sakin eyni anda həm öz mənzilinin sahibi, həm də binanın ortaq əmlakının payçısıdır. Bütün hüquq və öhdəliklər bu ikili statusdan doğur.
Bu sözləri SİA-ya vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, mənzil Məcəlləsinin 35.1-ci maddəsi konkret siyahı verir:
“Mənzillərarası pilləkən meydançaları və pilləkənlər, liftlər və lift şaxtaları, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, dam örtükləri, birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik və sanitar-texniki avadanlıq, habelə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsi. Yəni həyət də, uşaq meydançası da hüquqi baxımdan "kiminsə yox", bütün mülkiyyətçilərin ortaq əmlakıdır. Bu ortaq əmlak natura şəklində ayrıla və mənzildən ayrıca satıla bilməz, ona görə məsələn "mənim payıma düşən zirzəmi hissəsi" iddiasının hüquqi əsası yoxdur. Mənzil satılanda pay avtomatik alıcıya keçir; bunu məhdudlaşdıran müqavilə şərti əhəmiyyətsiz sayılır
Bina sakininin aşağıdakı hüquqları var:
1)Ümumi əmlaka sahiblik, istifadə və qanunla müəyyən hədlərdə sərəncam vermək
2)Bu əmlakla bağlı ümumi yığıncaqda iştirak və səsvermək
3)Ümumi əmlakla bağlı idarəetmə üsulunu seçmək və istənilən vaxt dəyişmək.
Sakinin (qonşuların) hansı öhdəlikləri var?
1)Ümumi əmlakın saxlanması yükünü daşımaq və xərclərdə payına mütənasib iştirak etmək ( Qeyd: vurğulamağa dəyən məqam ondan ibarətdir ki, "mən liftdən istifadə etmirəm, ödəmirəm" mövqeyi qanuna ziddir – öhdəlik istifadədən yox, mülkiyyət payından doğur)
2)Qonşuların hüquqlarına, yaşayış sahəsindən istifadə qaydalarına və ümumi əmlakın saxlanması qaydalarına riayət
3)Yanğın təhlükəsizliyi, sanitariya-gigiyena və ekoloji tələblərə əməl etmək
4)Mənzil qəza vəziyyətinə düşməsin deyə onu vaxtında təmir etmək
Qonşular arasında ən çox mübahisə doğuran hallar sırasında ümumi mülkiyyətin azaldılmasını (bir hissəsinin itirilməsi), ümumi əmlakın bir hissəsinin qonşulardan hansısa biri tərəfindən mənzilə qatılmasını (yenidənqurma), ümumi əmlakın qanunsuz olaraq üçüncü şəxsin istifadəsinə verilməsini (zirzəmi, fasad, reklam) göstərə bilərik.
Bundan başqa nəzərə alınmalıdır ki, qanuni qaydada qəbul edilmiş qərar səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün də məcburidir. Əgər səslərin 50%-dən çoxu təmsil olunubsa yığıncaq yetərsaylıdır, yığıncaq barədə ən azı 10 gün əvvəl məlumat verilməlidir, qiyabi səsvermə də mümkündür”.
Ayşən Vəli