“Nazirlər Kabinetinin 2022-ci ildə müvafiq qərarı var idi və həmin qərarda dəyişikliklər Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənib. Qərarda göstərilən qaydaya əsasən, orta ümumtəhsil müəssisələrində vahid geyim formasının tətbiqi nəzərdə tutulur və vahid geyim formasından hansı hallarda kənara çıxıla biləcəyi müəyyənləşdiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, artıq məktəblərdə bu qərarın icrasına başlanılacaq: “Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, təhsilin inkişaf etdiyi dünyanın bir çox ölkələrində, o cümlədən Avropada, Kanadada, ABŞ-da, Çində, Sinqapurda və qardaş Türkiyədə orta ümumtəhsil məktəblərində vahid geyim forması tətbiq olunur. Vahid geyim forması ilə bağlı müəyyən müddəalar var və həmin müddəalar təhsilalanlar tərəfindən icra olunur.
Bizdə də, əlbəttə ki, qaydaya əsasən vahid geyim forması müəyyən standartlar və ölçülər çərçivəsində tətbiq olunacaq. Həmin geyim formasından kənara çıxma halları yalnız pedaqoji şuranın qərarı əsasında baş verə bilər. Məsələn, məktəbdə hər hansı tədbirlər, milli ruhda keçirilən tədbirlər və ya məşqlər zamanı şagirdlərin məktəbli formasından deyil, başqa geyimdən istifadə etməsi nəzərdə tutulur. Daha çox milli və vətənpərvərlik tədbirləri zamanı geyimlərini dəyişə bilərlər.
Bütün bunlara məktəbin pedaqoji şurası nəzarət edəcək. Bu tədbirlər haqqında məlumatlar da qeyd olunacaq və tədbirdə iştirak edən şagirdlərin adları dərc olunacaq. Orada həmin şagirdlərin hansı səbəbdən geyimlərini dəyişdikləri barədə məlumat veriləcək.
Bu qərar artıq orta ümumtəhsil məktəblərində sosial bərabərliyin təmin olunmasına, həmçinin nizam-intizam qaydalarının formalaşmasına çox müsbət təsir göstərəcək. Çünki əvvəlki illərdə orta ümumtəhsil məktəblərində hər bir şagird müstəqil geyimlə təhsilə cəlb olunurdusa, arzuladığı və istədiyi formanı geyinirdisə, bu zaman müəyyən fərqlər yaranırdı. Məsələn, birinin maddi imkanı yaxşı ola bilər, digərinin isə olmaya bilər. Biri digərindən daha yaxşı geyinə bilərdi. Bu hallar istər-istəməz şagirdlər arasında müəyyən sosial fərqlərin yaranmasına gətirib çıxarırdı.
Bu qərar həmin sosial bərabərliyin təmin olunmasına xidmət edən mühüm qərarlardan biridir. Əlbəttə ki, hər bir şagirdin eyni geyim forması ilə məktəbə və təhsilə cəlb olunması arzu olunan haldır. Bu, həm təhsilalan, həm də təhsilverən üçün müəyyən qaydalar çərçivəsində müsbət təsir göstərəcək.
Bir məsələni də nəzərinizə çatdırım ki, bu qərarda baş örtüyünün taxılmaması ilə bağlı hər hansı müddəa yoxdur, qadağa qoyulmayıb. Bunu bəzi insanlar mənfi tərəfə yozaraq insanların fikirlərini qarışdırırlar. Əsasən də İslam dininə qarşı həssas olan bölgələrdə insanların fikrini qarışdırırlar. Təbii ki, belə insanların müəyyən məqsədi var ki, bəzi insanların həssas damarına toxunaraq onlarda qıcıq yaratsınlar.
Məsələn, biz Türkiyənin vahid məktəbli geyim forması təcrübəsinə baxa bilərik. Orada qızların vahid məktəbli forması geyinməsi ilə birlikdə baş örtüsü taxmalarına hər hansı məhdudiyyət tətbiq olunmur. Bu, bizdə də eyni formada ola bilər. Çünki məktəbli forması deyəndə qız uşaqları üçün ətək geyimləri və üst geyimi nəzərdə tutulur. Orada baş örtüsü və ya papaq taxmaq olmaz kimi hər hansı fikir göstərilmir və məhdudiyyət qoyulmur.
Təbii ki, bu mövzu haqqında müvafiq qurumlar açıqlama verəcəklər və məsələyə aydınlıq gətirəcəklər”.