“Kənd təsərrüfatında gübrələrdən həddindən artıq istifadə torpaq üçün ciddi zərər yaradır. Gübrələrin çox istifadəsi torpağı və suyu çirkləndirir, bitkinin normal inkişafına mənfi təsir göstərir və bu, insanlar üçün də zərərli hesab olunur. Ona görə də gübrələrdən müəyyən norma və ölçü daxilində istifadə etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Onun sözlərinə görə, gübrələr torpağa qram və ya qramdan da az dozalarla verilir ki, onun effekti daha yaxşı olsun. Torpağa həddindən artıq gübrə verildikdə isə bu, zərərli təsir göstərir.
Məsələn, bəzi üzüm və pambıq sahələrinə həddindən artıq pestisid verilir. Hətta sovet dövründə maşınlarla pestisid daşınır, anbarlarda saxlanılırdı. Bu isə təbii olaraq ətraf mühit üçün zərərli idi.
Hazırda Sumqayıtda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin anbarı yerləşir. Orada həmin gübrələr toplanılır və illər boyu saxlanılır. Onları utilizasiya etmək mümkün deyil. Bunlar həddindən artıq zərərli pestisidlərdir.
Pestisidlər uzun müddət torpaqda qaldıqda onu zəhərləyir, ümumiyyətlə, bitkilərin inkişafını dayandırır. Nəticədə torpaq quruyur və deqradasiyaya uğrayır.
Ona görə də kənd təsərrüfatında gübrələrdən istifadə edən zaman normalara və dozalara diqqət etmək lazımdır. Həddindən artıq gübrə verməklə daha çox məhsul əldə etmək mümkün deyil. Bu zaman torpaq və su çirklənir, insanlar isə bundan zərər görürlər”.