Bakı Formula 1 qonaqlarında hansı təəssüratları yaradıb? - SORĞU

24 Sentyabr 2026 14:40 (UTC+04:00)

Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-Prisi hər il şəhərin həyatına xüsusi dinamika və rəng qatır. Dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn azarkeşlər və turistlər yarışın həyəcanını canlı izləməklə yanaşı, Bakının tarixi və müasir görkəmi ilə də yaxından tanış olmaq imkanı əldə edirlər.

Paytaxtın küçələrində keçirilən yarış sürət və adrenalin dolu mübarizəsi ilə yanaşı, Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından da diqqət çəkən tədbirlərdən biridir. Yarış günlərində şəhərdə müxtəlif ölkələrdən gələn turistlərin sayının artması, onların Bakı ilə tanış olması və şəhər haqqında təəssüratlarını bölüşməsi də xüsusi maraq doğurur.

“Formula 1” Azərbaycan Qran-Prisinin Bakıda keçirilməsi həm idman, həm də turizm baxımından şəhərə fərqli ab-hava gətirir. Xarici qonaqlar yarışın təşkilindən, trasın quruluşundan, azarkeş atmosferindən və Bakının görkəmindən danışırlar. Bəs görəsən, dünyanın müxtəlif ölkələrindən Bakıya gələn turistlər “Formula 1” yarışı barədə nə düşünür, yarışın atmosferini necə qiymətləndirir və paytaxtımız onlarda hansı təəssüratları yaradır?

SİA bu suallara cavab tapmaq üçün şəhərimizə gələn xarici turistlərin fikirlərini öyrəndik.

Xarici vətəndaş Maksim Orlov:
“Mən Rusiyadan gəlmişəm. Açığı, Bakıda Formula 1 yarışını canlı izləmək çox maraqlı oldu. Ən çox xoşuma gələn məqam trasın adi şəhər küçələrindən keçməsidir. Bu, yarışı daha fərqli göstərir. Yarışdan əvvəl şəhərdə bir neçə yerə getdim. Bakı çox işıqlı və canlı şəhərdir. Xüsusilə axşam şəhərin görünüşü məndə yaxşı təəssürat yaratdı”.

Xarici vətəndaş Artyom Sokolov:
“Mən Rusiyadan gəlmişəm. Əslində Bakıya ilk dəfədir gəlirəm və səfərimin əsas səbəbi Formula 1-dir. Yarışa baxarkən azarkeşlərin reaksiyası mənə çox maraqlı gəldi. Hamı çox həyəcanlı idi. Mən boş vaxtımda şəhəri piyada gəzməyə üstünlük verdim. Bakı mənə həm rahat, həm də çox fərqli şəhər təsiri bağışladı. Dəniz kənarında gəzmək xüsusilə xoşuma gəldi”.

Xarici vətəndaş Hamza Rəhman:
“Pakistandan gəlmişəm. Formula 1 yarışına ilk dəfə belə böyük tədbir formatında qatılıram. Mənim üçün ən maraqlı tərəf yarışın texniki hissəsidir - bolidlərin sürəti, pit-stoplar və komandaların işi diqqətimi çəkir. Bakı səfərində isə Azərbaycan mətbəxi ilə tanış oldum. Plov və kabab sınadım, çox xoşuma gəldi. Şəhərdə insanların xaricdən gələn qonaqlara münasibəti də müsbətdir. Bu səfər mənim üçün təkcə idman tədbiri deyil, həm də yeni ölkə tanımaq imkanı oldu”.

Xarici vətəndaş Denis Morozov:
“Rusiyadan gəlmişəm. Mənim üçün Formula 1-də ən maraqlı olan sürücülərin mübarizəsini yaxın məsafədən izləməkdir. Burada yarışın gedişini canlı hiss etmək tamamilə başqadır. Bakıda isə ən çox şəhərin memarlığı diqqətimi çəkdi. Bir küçədən digərinə keçəndə tamamilə fərqli görüntülərlə qarşılaşırsan. Müasir binaların yanında tarixi tikililərin olması şəhərə özünəməxsus görünüş verir”.

Xarici vətəndaş Timur Əbdullayev:
“Qazaxıstandan Bakıya gələndə əsas məqsədim Formula 1 yarışını izləmək idi. Yarış zamanı xüsusilə sürücülərin dar küçələrdə necə idarə etdiyini izləmək maraqlıdır. Mənim diqqətimi başqa bir şey də çəkdi - şəhərdə yarışla bağlı ab-hava hər yerdə hiss olunur. İnsanlar küçələrdə Formula 1 haqqında danışır, müxtəlif ölkələrdən turistlərə rast gəlirsən. Bu, Bakının çoxmillətli və canlı şəhər olduğunu göstərir”.

Xarici vətəndaş Martin Kovaç:
“Slovakiyadan Formula 1 yarışını izləmək üçün Bakıya gəlmişəm və yarışın keçirildiyi məkan mənim xüsusilə xoşuma gəldi. Burada adi küçələr bir neçə gün ərzində böyük yarış trasına çevrilir. Bu, çox maraqlı mənzərədir. Bakı haqqında isə ən çox tarixi hissəni bəyəndim. İçərişəhərin küçələrində gəzmək mənə şəhərin tarixini daha yaxından hiss etməyə imkan verdi”.