“Etimadsızlığın artması cəmiyyət üçün ciddi sosial problemə çevrilir” - SOSİOLOQ

24 Sentyabr 2026 14:37 (UTC+04:00)

“Dünyanın hər bir yerində insanlar arasında bir-birinə qarşı etimadsızlığı, etibarı artmaqdadır. Bunun bir çox səbəbləri var. Birincisi, zamanın reallıqlarından qaynaqlanır. İkincisi isə sosial münasibətlərin zəifləməsi, ailə və qohumluq münasibətlərinin getdikcə azalması, şəhərləşmə, qloballaşma, eyni zamanda sosial şəbəkələrin, internetin və yeni medianın insanları real aləmdən virtual aləmə aparması və s. kimi səbəblərdir”. Bu sözləri SİA-ya açıqlamasında ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın xan Əbilov deyib.

Onun sözlərinə görə, əvvəlki kimi qohumluq, yardımlaşma və mərhəmət hisslərinin azalması, insanların bir-birinə olan inamını sarsıdan bir çox cinayət faktlarının mediada tez-tez tirajlanması və s. məsələlər insanlar arasında bir-birinə qarşı etimadın zəifləməsinə səbəb olur:

“Bunun qarşısını tam almaq mümkün deyil. Bir çox milli-mənəvi dəyərlərimiz var ki, biz onları yenidən dirçəldib gündəmə gətirsək, mətbuatda, sosial şəbəkələrdə, mediada təbliğ etsək, televiziya və internet saytlarında bu haqda məlumatlar verilsə, ola bilər ki, bundan sonra insanlar arasındakı etimadsızlığın və qarşılıqlı inamın zəifləməsinin qarşısı müəyyən qədər alınsın və bu hal azalsın.

İllər keçdikcə hər ilin, hər zamanın özünə uyğun tələbləri, diktəsi olur. Bu zamanın diktəsi və tələbi heç kimə inanmamaq, özünə güvənmək, hətta doğmalarına inanmamaq kimi mənasız, ultra-radikal və ultra-liberal düşüncə tərzinin, həyat tərzinin təbliğ olunmasıdır.

Bu halların bir hissəsi bizə Qərbdən gəlir və kompüter oyunlarının, sosial şəbəkələrin də təsiri olur. Boşanmalar, ailədaxili münaqişələr və münasibətlər, sosial medianın təsiri, fenomenlərin davranışı, insanların əziyyət çəkmədən, işləmədən karyera qurmaq və irəli getmək istəməsi insanlarda ülvi hissləri arxa plana atır.

Xüsusilə də yeni nəsil hansı ki, layla ilə, nağıllarla, ata-ana sevgisi ilə, nənə-baba sevgisi ilə böyüməyən, internetdə bəzi trendlərlə, “özünə güvən”, “heç kimə etibar etmə” şüarları altında formalaşaraq böyüyən uşaqlardır. Əlbəttə ki, bu nəslin nümayəndələri özündən əvvəlki insanlara inanmır. Smartfonlara, internetə, sosial mediaya güvənən, oradakı trendlərlə böyüyən yeni nəsil nəinki özündən əvvəlkilərə, hətta öz ailəsinə belə artıq güvənmir. Soyuqluq yaranır və insanlar bir-birindən uzaqlaşırlar.

Bu isə artıq onu göstərir ki, insanlar artıq insana deyil, süni intellektə inanırlar. Bəzən belə hallar insanların bir-birinə kömək etməsinə, yardım etməsinə də imkan vermir və şübhə yaradır, insanlar suallar verməyə başlayırlar.

Fikir versək, bizim cəmiyyətdə nə baş verir? Məsələn, qonşuda bir insanın evi yanır, lakin insanlar yardım etmək əvəzinə telefonla yanğını çəkməyə başlayırlar. Bu kimi həyat tərzinin durmadan təbliği artıq insanlarda inamsızlığın, etibarın itirilməsinin artmasına gətirib çıxarır.

Nə qədər ki, biz sosiallaşmamışıq, nə qədər ki, milli-mənəvi dəyərlərimizə üstünlük verməmişik, bir o qədər də bu etimadsızlıq artacaq. Yadlaşmaq, bir-birinə soyuq münasibət göstərmək cəmiyyətin əsas trendinə çevriləcək.

Düşünürəm ki, biz bunun qarşısını tam ala bilməsək də, azalda bilərik. Milli bayramlarda, müxtəlif tədbirlərdə özümüz və övladlarımız iştirak etməliyik, ünsiyyətdə olmalıyıq. Mərhəmət aksiyaları təşkil olunmalıdır. Qocalar evinə, körpələr evinə yardım etməliyik, onlarla ünsiyyət qurub hər hansı köməyi etməliyik ki, etibarlılıq və etimadın yenidən qazanılması artsın.

Bunun həm də ictimai və sosial təsiri olur. Məsələn, hər hansı hadisə baş verdikdə, zəlzələ olduqda, müharibə zamanı və yaxud təbii hadisələr baş verdikdə insanlar bir-birinin yanında olsunlar və bir-birinə etibar etsinlər”.