“Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsində əsas hədəflərdən biri təbii resurslardan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun dayanıqlı və çoxşaxəli inkişafını təmin etməkdir”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunan müşavirədə də bu kontekstdə mühüm strateji istiqamətlər müəyyənləşdirildi”
“Proqram həm yeni mədənlərin istismara verilməsini, həm də mineral sərvətlərin mümkün qədər ölkə daxilində emal olunmasını, zənginləşdirilməsini və yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsini nəzərdə tutur.
Prezident İlham Əliyev müşavirədə dağ-mədən və metallurgiya sənayesinin Azərbaycan iqtisadiyyatı üçün perspektivli sahələrdən biri olduğunu vurğuladı. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu sahənin inkişafı yeni və müasir sənaye istiqamətinin formalaşmasına imkan verəcək.
Proses iqtisadiyyatın digər sahələri ilə qarşılıqlı əlaqədə qurulur. “Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”-, deyə dövlət başçımız müşavirədə bildirdi.
Təsadüfi deyil ki, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.
Dövlət müəssisələrinin, yerli sahibkarların və xarici investorların imkanlarının səfərbər edilməsi qarşıdakı mərhələnin əsas prinsiplərindən birinə çevrilir.
Azərbaycan son iki onillikdə həyata keçirilən ardıcıl iqtisadi və infrastruktur siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı üçün mühüm baza yaradıb.
Bu gün qarşıda duran məsələ mövcud imkanlardan daha geniş istifadə etməkdir.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı həm iqtisadiyyatın şaxələndirilməsi, həm də yeni artım mənbələrinin formalaşdırılması baxımından strateji xarakter daşıyır.
Mədən sənayesinin inkişaf perspektivlərini artıran əsas amillərdən biri də Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dövriyyəyə qaytarılmasıdır.
İşğal dövründə Azərbaycanın mineral sərvətlərinin qanunsuz talan edilməsi, ekoloji sistemə ciddi zərər vurulması bu ərazilərin iqtisadi potensialının uzun müddət ölkə iqtisadiyyatına xidmət etməsinə imkan verməyib. Bu gün isə tamamilə fərqli mənzərə yaranıb. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində yerləşən qızıl, mis və molibden yataqlarının istismara cəlb edilməsi qarşıdakı illərdə regionların iqtisadi həyatına ciddi təsir göstərəcək. Ağdərədə artıq işlərin başlanması, Kəlbəcər və Zəngilanda yeni layihələrin nəzərdə tutulması Qarabağın bərpasının yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmadığını göstərir.
Burada məqsəd eyni zamanda dayanıqlı iqtisadi fəaliyyət, məşğulluq, istehsal və ixrac imkanlarının yaradılmasıdır.
Beləliklə, mineral resursların iqtisadi dövriyyəyə daxil edilməsi Böyük Qayıdış prosesinin iqtisadi dayaqlarından birinə çevriləcək.
Qızıl və gümüşlə yanaşı, qara və əlvan metallurgiya istiqamətləri, geoloji kəşfiyyat və digər əlaqəli sahələr üzrə fəaliyyətin genişləndirilməsi də Azərbaycanın milli dağ-mədən şirkətinin yeni mərhələyə keçdiyini göstərir.
Dövlət Proqramının ən diqqətçəkən tərəflərindən biri konkret layihələrin müəyyənləşdirilməsidir.
Bu, eyni zamanda regionlarda yeni xidmət və təchizat şirkətlərinin yaranmasına, nəqliyyat və logistika fəaliyyətinin genişlənməsinə, ixtisaslı kadrlara tələbatın artmasına təkan olacaq.
Başqa sözlə, Azərbaycanın qarşısında duran yeni hədəf yeraltı sərvətlərin milli sənaye gücünə, yüksək əlavə dəyərə, ixrac məhsuluna, yeni iş yerlərinə və uzunmüddətli iqtisadi imkanlara çevirməkdir”.