"Nazirlər Kabinetinin 2022-ci ildə qəbul etdiyi müvafiq qərara dəyişikliklərin həyata keçirilməsi artıq yekunlaşıb. Yeni qərara əsasən, ümumi təhsil məktəblərində şagirdlərin vahid məktəbli geyim formasında tədris prosesində iştirakı təmin ediləcək".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
.jpg)
O bildirib ki, vahid məktəbli geyim formasının tətbiqi məktəbdə neytral və inklüziv mühitin qorunmasına müsbət töhfə verəcək. Bu qərar sosial ədalətin və bərabərliyin təmin olunması, xüsusilə də şagirdlər arasında ayrı-seçkiliyin qarşısının alınması baxımından mühüm addım kimi qiymətləndirilə bilər:
"Çünki şagirdlərin maddi imkanları fərqli ola bilər. Bir şagird daha bahalı və dəbli geyimlə məktəbə gələ bildiyi halda, digərinin buna imkanı olmaya bilər. Bu isə müəyyən hallarda şagirdlər arasında sosial fərqlərin daha qabarıq görünməsinə səbəb olur.
Vahid məktəbli geyimi isə bütün şagirdlərin maddi imkanlarından asılı olmayaraq eyni formada tədris prosesində iştirakını təmin edir. Bu, məktəbdə sağlam təhsil mühitinin formalaşmasına, sosial bərabərliyin qorunmasına və şagirdlər arasında ayrı-seçkiliyin qarşısının alınmasına müsbət təsir göstərə bilər. Eyni zamanda vahid geyim formasının məktəbdə nizam-intizamın möhkəmləndirilməsinə də töhfə verəcəyi gözlənilir.
Müəyyən istisna hallarda isə məktəb pedaqoji şurasının qərarı ilə şagirdlərin milli geyimlərdən istifadəsinə icazə verilə bilər. Xüsusilə milli vətənpərvərlik ruhunda keçirilən tədbirlər zamanı əvvəlcədən müəyyən edilmiş qaydada şagirdlərin milli geyimdə iştirakına şərait yaradılması mümkündür.
Hesab edirəm ki, bu istiqamətdə həm ümumi təhsil müəssisələrinin rəhbərliyi, həm də valideynlər qərarı dəstəkləməlidir. Valideynlərin vahid məktəbli geyiminə müsbət yanaşması və övladlarının bu formada tədris prosesində iştirakını dəstəkləməsi məktəbdə daha sağlam təhsil atmosferinin formalaşmasına kömək edə bilər.
Ümumilikdə, bütün şagirdlərin eyni məktəbli formasında tədris prosesinə qoşulması məktəbdə nizam-intizamın və müsbət atmosferin formalaşmasına, eyni zamanda sosial bərabərliyin təmin olunmasına müsbət təsir göstərə bilər. Bu baxımdan valideynlərin də qərarın tətbiqinə dəstək verməsi mühüm əhəmiyyət daşıyır".