“Uşaqların ünsiyyətdən yayınmasının bir neçə səbəbləri var” - PSİXOLOQ

24 Sentyabr 2026 11:57 (UTC+04:00)

“Son vaxtlar uşaqların bir-biri ilə ünsiyyətinin azaldığını müşahidə edirik. Psixoloqlar bunun başlıca səbəbini telefonda, sosial şəbəkələrdə və onlayn oyunlarda görürlər. Amma bəzən uşaqların özlərinə inamı o qədər aşağı olur ki, telefonla məşğul olmadıqda belə, digər insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu, əslində, yeniyetməlik böhranı ilə bağlı ola bilər: “Bəzən uşaqlıqda aldıqları travmalardan, bəzən isə qavrama problemlərindən və digər psixoloji proseslərlə bağlı çətinliklərdən qaynaqlana bilər. Yəni bu hal bir neçə amillə əlaqəli ola bilər.

Valideynlər uşaqlarının öz yaşıdları ilə münasibət qurmadığını görürlərsə, əlbəttə ki, onları günahlandırmaq əvəzinə, psixoloji vəziyyətləri ilə maraqlanmalıdırlar. Övladlarının ünsiyyətə necə girdiyini, nə qədər müddətdən sonra ünsiyyət yarada bildiyini, hansı psixoloji ləngimələrinin və narahatlıqlarının olduğunu araşdırmalıdırlar. Bəlkə də, uşağın hər hansı sıxıntısı və ya nevroloji problemi var. Valideynlər bütün bunları araşdırdıqdan sonra övladlarına yardım etməyə başlamalıdırlar.

Əgər uşaq ünsiyyətdən qaçırsa, sosial münasibətlər qurmaqda ciddi çətinlik çəkirsə, onu mütləq şəkildə psixoloji yardıma yönləndirmək lazımdır. Belə hallarda bəzən psixoloji yardımla paralel olaraq dərman müalicəsi də təyin olunur. Təbii ki, bu, yalnız həkim göstərişi əsasında həyata keçirilməlidir.

Daha sonra valideyn övladını ünsiyyət qura biləcəyi kollektivə yönləndirməli, bunun üçün şərait yaratmalıdır. Uşağı digər insanlarla ünsiyyət qura biləcəyi yerlərə aparmalı və sosial münasibətlər qurmasına kömək etməlidir.

Bütün bunlar uşaqların ünsiyyət problemlərinin azalmasına və öz yaşıdları ilə daha sağlam münasibətlər qurmasına şərait yaradacaq”.