“Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır”

23 Sentyabr 2026 18:50 (UTC+04:00)

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib.

Prezident İlham Əliyevin Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı dövrdə məqsəd yalnız mövcud yataqların istismarını genişləndirmək deyil. Əsas hədəf təbii sərvətlərin hasilatından başlayaraq onların zənginləşdirilməsi, emalı və hazır məhsula çevrilməsinə qədər uzanan tam istehsal zəncirinin formalaşdırılmasıdır. Bu isə Azərbaycanın sənaye strukturunda yeni mərhələnin başlanması deməkdir.

Qeyd edək ki, Azərbaycanın iqtisadi inkişaf modelində neft-qaz sektoru uzun illər əsas gəlir mənbələrindən biri olub, lakin son dövrdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi, bu ilin ilk 8 ayında qeyri-neft sektorunda 5,4 faizlik artım qeydə alınıb. Dövlət Proqramının əsas məqsədlərindən biri də bu dinamikanı uzunmüddətli və davamlı xarakterə çevirməkdir. Proqramın tam icrası nəticəsində 5 mindən çox daimi iş yerinin yaradılması, yeni istehsal müəssisələrinin formalaşdırılması, ixrac imkanlarının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması gözlənilir.

Bu gün Azərbaycan onilliklər ərzində əlçatmaz qalan yataqları sadəcə iqtisadi dövriyyəyə qaytarmır. Eyni zamanda ölkə öz mineral-xammal bazasını yenidən qiymətləndirmək, yeni sahələrin kəşfiyyatını aparmaq, emal infrastrukturu yaratmaq, metallurgiyanı inkişaf etdirmək və hasilatı istehsalla əlaqələndirmək niyyətindədir. Bu, artıq bir yatağın və ya bir zavodun tarixi deyil. Bu, bütöv bir sənaye sistemi formalaşdırmaq cəhdidir. Və burada ardıcıllıq xüsusilə vacibdir: əvvəlcə geologiya və kəşfiyyat, sonra hasilat, ondan sonra isə zənginləşdirmə, emal, metallurgiya və hazır məhsul buraxılışı.

Diqqətçəkən məsələlərdən biri də odur ki, proqramda dağ-mədən sənayesi metallurgiyadan təcrid olunmuş şəkildə nəzərdən keçirilmir. Əksinə, onların arasında vahid istehsal sistemi formalaşdırılmalıdır. Konkret istiqamətlərdən biri alüminium istehsalının artırılmasıdır. Dövlət başçısı qeyd etmişdir ki, "hərçənd xarici tərəfdaşlardan müəyyən təkliflər var idi, onlar reallaşmadı, çünki biz milli iqtisadiyyata fayda gətirməyə qadir mexanizmlərin tətbiqinə maksimum çalışırıq". Bu mənada dağ-mədən sənayesi və metallurgiya bir-birini tamamlaya bilər. Yeni yataqlar xammal bazası, emal müəssisələri sənaye yükü, metallurgiya istehsalatları isə emal olunmamış xammalla müqayisədə xeyli yüksək dəyərə malik məhsul buraxmağa imkan verir.

Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi reinteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan ərazilərdə zəngin təbii sərvətlərin istifadəsi mümkün olmayıb. Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, Kəlbəcər, Laçın və Zəngilan ərazilərindəki təbii sərvətlər və meşə fondları işğal dövründə ciddi zərərə məruz qalıb. Eyni zamanda, qızıl, mis və molibden yataqlarının bir hissəsi uzun müddət tam geoloji tədqiqatdan kənarda qalıb. İndi isə vəziyyət dəyişib. Dövlət Proqramında ilk növbədə işğaldan azad edilmiş ərazilərdə mövcud yataqların istismara qaytarılması nəzərdə tutulur. Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan əsas istiqamətlər sırasındadır. Ağdərədə artıq işlərə başlanılması, növbəti mərhələdə Kəlbəcər və Zəngilanda da layihələrin həyata keçirilməsinin nəzərdə tutulması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının artırılması baxımından əhəmiyyətlidir. Bu prosesin digər mühüm tərəfi məşğulluq məsələsidir. Dağ-mədən müəssisələrinin, emal zavodlarının və əlaqəli infrastrukturun yaradılması regionlarda yeni iş yerlərinin açılmasına, xidmət sektorunun genişlənməsinə və iqtisadi fəallığın yüksəlməsinə əlavə imkanlar yarada bilər.

Dövlət Proqramının əhatə etdiyi mühüm istiqamətlərdən biri də Naxçıvan Muxtar Respublikasıdır. Naxçıvanda sovet dövründə və sonrakı illərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb. Bu səbəbdən regionun təbii resurs potensialının tam öyrənilməsi üçün yeni kəşfiyyat mərhələsinə ehtiyac var.

Yeni Dövlət Proqramının mühüm xüsusiyyətlərindən biri dövlət və özəl sektorun paralel iştirakının nəzərdə tutulmasıdır. Dağ-mədən sənayesində dövlət xətti ilə "AzerGold"un fəaliyyəti ilə yanaşı, özəl sektorun və xarici investorların iştirakı üçün də imkan yaradılır. Xüsusilə geoloji kəşfiyyat nəticəsində yeni yataqların aşkarlanması xarici investisiyaların cəlb edilməsinə şərait yarada bilər.

Bir sözlə bu yeni sənaye siyasətinin arxasında Prezident İlham Əliyevin uzaqgörən strategiyası dayanır. Bu proses uğurla reallaşsa, dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın qeyri-neft iqtisadiyyatının yeni dayaqlarından birinə çevriləcəkdir.

Vilayət İSMAYILOV,

İqtisad elmləri doktoru, professor