“Dağ-mədən sənayesinin inkişafı iqtisadiyyatın diversifikasiyasına ciddi təkan verəcək” - MİLLƏT VƏKİLİ

23 Sentyabr 2026 17:16 (UTC+04:00)

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə kifayət qədər strateji məsələlər, o cümlədən filiz hasilatında dəyər zəncirinin yaradılması və bu istiqamətdə fəaliyyətlərin həyata keçirilməsi qeyd olundu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, üç il ərzində dağ-mədən sənayesi 3 milyard manatdan artıq yeni dəyər formalaşdıracaq: “Bu da bütövlükdə bu sektorda 5 mindən çox iş yerinin yaradılması anlamına gəlir. Bu, təbii ki, bir tərəfdən sənayenin inkişafı üçün ciddi potensialdır, qeyri-neft-qaz sektorunun inkişafına və iqtisadiyyatın diversifikasiyasına xüsusi təkan verəcək. Eyni zamanda, birmənalı şəkildə həm bu sahələrdə məşğulluğun təmin olunmasına, xüsusilə də ixtisaslı kadrların işlə təminatına ciddi təkan verəcək.

O baxımdan, Dövlət Proqramının qəbul edilməsi və icrasına başlanması Azərbaycanın sənayeləşmə prosesinin daha yaxından dəstəklənməsinə və sənayenin inkişafına xüsusi təkan vermiş olacaq”.