"Azərbaycan erməni işğalının, terrorizminin və talançılığının kökünü tarixdən sildi" - POLİTOLOQ

23 Sentyabr 2026 15:08 (UTC+04:00)

"Ermənistan işğal dövründə Azərbaycan ərazilərini tamamilə yerlə-yeksan etmək, yaşayış məntəqələrimizi, kənd və qəsəbələrimizi, şəhərlərimizi dağıtmaq və xüsusilə vandalizm aktları törətməklə bir daha faşizm siyasətini ortaya qoymuş oldu. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil Kərimli deyib.

Onun sözlərinə görə, Ermənistan bununla yanaşı, Azərbaycan ərazilərində ekoterror da həyata keçirdi: "Yəni Azərbaycanın dilbər guşələrindən olan Qarabağ və Şərqi Zəngəzurda meşələrə, yaşıllıqlara qarşı, hətta təbii ehtiyatlarımızın talanması istiqamətində çox böyük cinayətlər həyata keçirildi. Meşələrimiz qırılaraq yandırıldı, yaşıllıqlarımız məhv edildi və xüsusilə də işğal dövründə Ermənistan Azərbaycanın mis və molibden yataqlarının istismarı ilə bağlı çox ciddi qanun pozuntularına yol verdi.

Azərbaycanın qızıl ehtiyatları, mərmər ehtiyatları, qiymətli yataqları talan edilərək təbii sərvətləri amansızcasına, vəhşicəsinə dağıdılaraq bundan külli miqdarda Ermənistan dövləti vəsait əldə etdi.

Təəssüf ki, həmin dövrdə Ermənistanın bu cinayətlərinə, necə ki, Azərbaycana qarşı soyqırımı, müharibə cinayətləri, ərazilərimizin dağıdılması cinayətləri həyata keçirilmişdir, dünya birliyi buna necə susurdusa, Azərbaycan ərazilərində ekoterror həyata keçirməsi də Ermənistanın dünya birliyi tərəfindən, beynəlxalq təşkilatlar və qurumlar tərəfindən susqunluqla qarşılandı və əlbəttə ki, bu təəssüf doğurur.

Ermənistan Azərbaycanın suveren, qanuni ərazilərində, tarixi ata-baba yurdlarımızda bu cür cinayətlər həyata keçirdi və bu, Azərbaycana qarşı aparılmış düşmənçilik siyasətinin bariz nümunəsi idi.

Bu gün Ermənistan dünyada işğalçı dövlət kimi, talançı dövlət kimi, qonşusunun torpağına, ərazilərinə göz dikən və hətta bununla paralel olaraq bizim ərazilərimizi talayan, yerlə-yeksan edən bir ölkə imici qazanıb. Hələ uzun illər Ermənistan bu imicindən yaxa qurtara bilməyəcək. Çünki Ermənistan bütün dünyanın, beynəlxalq təşkilatların gözü qarşısında bu cinayətləri həyata keçirirdi.

Azərbaycan dövləti qətiyyətli siyasət nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Biz erməni işğalının, erməni terrorizminin, erməni vandalizminin və talançılığının kökünü birdəfəlik tarixdən silib atdıq.

Bu gün biz dünyaya sübut etdik ki, öz torpaqlarımızın, öz təbii sərvətlərimizin, öz ərazilərimizin sahibiyik. Azərbaycan dövləti artıq uzun illərdir ki, işğaldan azad olunmuş torpaqlar ərazisində öz siyasətini – həm siyasi, həm mədəni, həm də iqtisadi siyasətini davam etdirir və bu, gələcəkdə də yüksək peşəkarlıqla həyata keçiriləcəkdir".