“Filizçay yatağı isə Azərbaycanın metallurgiya sənayesi üçün xüsusi əhəmiyyətə malikdir” -EKSPERT DANIŞDI

23 Sentyabr 2026 15:12 (UTC+04:00)

“İşğaldan azad olunmuş ərazilərin, Filizçay yatağının və Naxçıvanın dağ-mədən potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi Azərbaycanın sənaye siyasəti baxımından yeni imkanlar yaradır”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, burada söhbət yalnız təbii sərvətlərin hasilatından getmir:

”Əsas iqtisadi potensial yataqların kəşfiyyatından başlayaraq hasilat, emal, metallurgiya və hazır məhsul istehsalına qədər bütöv sənaye zəncirinin formalaşdırılması ilə bağlıdır.

İşğaldan azad olunmuş ərazilərdə qızıl, mis, mis-molibden və digər mineral resursların istismara cəlb edilməsi həmin regionlarda iqtisadi aktivliyin genişlənməsinə ciddi təsir göstərə bilər. Mədən sənayesi yol, enerji, logistika, tikinti, xidmət və texniki infrastrukturun inkişafını da tələb edir. Bu isə regionlarda yeni iş yerlərinin, ixtisaslaşmış xidmətlərin və əlavə biznes imkanlarının yaranmasına şərait yaradır.

Naxçıvanın dağ-mədən potensialı da ayrıca əhəmiyyət daşıyır. Burada geoloji kəşfiyyatın genişləndirilməsi yeni yataqların müəyyənləşdirilməsi və mineral resurs bazasının daha dəqiq qiymətləndirilməsi baxımından vacibdir. Xüsusilə kritik minerallara qlobal tələbatın artdığı bir dövrdə Naxçıvanın mineral potensialının müasir geoloji və texnoloji yanaşmalarla araşdırılması Azərbaycanın gələcək sənaye strategiyası üçün əhəmiyyətli nəticələr verə bilər.

Filizçay yatağı isə Azərbaycanın metallurgiya sənayesi üçün xüsusi əhəmiyyətə malik layihələrdən biridir. Yatağın tərkibində mis, sink, qurğuşunla yanaşı, qızıl və gümüşün də olması onun çoxkomponentli filiz bazası kimi əhəmiyyətini artırır. Dövlət proqramında Filizçayın tam gücü ilə istismarının 2031-ci ilin sonuna planlaşdırıldığı və yatağın istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsinin nəzərdə tutulduğu açıqlanıb.

Bu layihənin metallurgiya sənayesinə təsiri bir neçə istiqamətdə özünü göstərə bilər. İlk növbədə ölkənin daxili mineral-xammal bazası genişlənəcək. Daha sonra filizin zənginləşdirilməsi və emalı üzrə yeni istehsal imkanları formalaşa bilər. Növbəti mərhələlərdə konsentratların və metal məhsullarının istehsalının genişləndirilməsi Azərbaycanın metallurgiya zəncirində əlavə dəyərin ölkə daxilində yaranmasına imkan verə bilər.

İxrac baxımından da Filizçayın əhəmiyyəti böyükdür. Mis, sink və qurğuşun dünya sənayesində geniş istifadə olunan metallardır. Bu məhsulların beynəlxalq bazarlarda tələbi sənaye, tikinti, energetika, maşınqayırma və digər sahələrin inkişafı ilə əlaqəlidir. Azərbaycanın belə resurslara malik olması qeyri-neft ixracının strukturunda metallurgiya məhsullarının payının artması üçün əlavə imkan yaradır.

Burada əsas iqtisadi məsələ əlavə dəyərin hansı mərhələdə formalaşmasıdır. Filiz yatağından çıxarılan xammalın emal dərinliyi artdıqca yaradılan iqtisadi dəyər də yüksələ bilər. Buna görə də Azərbaycanın uzunmüddətli məqsədi hasilatla yanaşı, zənginləşdirmə, metallurgiya və son məhsul istehsalı üzrə imkanları genişləndirmək olmalıdır.

Dağ-mədən sektorunun inkişafı eyni zamanda investisiya və texnologiya məsələsini gündəmə gətirir. Böyük yataqların istismarı üçün ciddi kapital qoyuluşu, müasir hasilat və emal texnologiyaları, peşəkar kadrlar, ekoloji standartlar və beynəlxalq səviyyədə qəbul edilən resurs və ehtiyat qiymətləndirməsi tələb olunur. Bu komponentlərin birlikdə inkişaf etdirilməsi sektorun dayanıqlılığını müəyyən edən əsas amillərdəndir.

Azərbaycanın qarşısında hazırda kifayət qədər geniş imkanlar mövcuddur. Qarabağ və Şərqi Zəngəzurun mineral resursları, Naxçıvanın yeni kəşfiyyat perspektivləri və Filizçay kimi iri yataqlar vahid sənaye strategiyası çərçivəsində inkişaf etdirilərsə, ölkənin metallurgiya və qeyri-neft sənayesində yeni istehsal zəncirlərinin yaranmasına ciddi töhfə verə bilər.

Əsas məqsəd təbii sərvətin iqtisadi dövriyyəyə daxil edilməsi ilə məhdudlaşmamalıdır. Hədəf həmin sərvətin ölkə daxilində mümkün qədər yüksək əlavə dəyər yaratması, yeni sənaye müəssisələrinin formalaşması, ixtisaslı məşğulluğun genişlənməsi və rəqabətqabiliyyətli metallurgiya məhsullarının dünya bazarlarına çıxarılması olmalıdır”.