"Dağ-mədən sənayesinin inkişafı yeni investisiyalara və iş yerlərinə yol açacaq" - MİLLƏT VƏKİLİ

23 Sentyabr 2026 12:50 (UTC+04:00)

"Azərbaycan ərazisi təbii sərvətlərlə zəngindir. Bu, təkcə neft və qaza aid deyil, digər qiymətli metallara da aiddir. Azərbaycanın bu və digər bölgələri böyük qiymətli yataqlara malikdir. İşğaldan azad olunan ərazilərdə də təbii sərvətlərin yataqları artıq kəşf edilib və onların istismarına başlanılır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Ermənistan torpaqlarımızın bir hissəsini işğal altında saxlayarkən həmin ərazilərdə olan sərvətləri istismar edib və qeyri-qanuni olaraq xarici şirkətləri həmin ərazilərə cəlb edirdi:

"Cənab Prezident keçirdiyi müşavirədə dağ-mədən sənayesinin inkişafına böyük diqqət yetirildiyini bir daha diqqətə çatdırdı. Onsuz da bu istiqamətdə böyük işlər görülürdü. Ancaq müşavirədən göründüyü kimi, bu, artıq dövlətin xüsusi diqqətində olacaq.

Bu, eyni zamanda xarici investisiyaların cəlb edilməsində də böyük rol oynayacaq. Bu, yeni iş yerləri və büdcəyə qeyri-neft sektorundan xeyli gəlirlərin artması eyni zamanda, Azərbaycan iqtisadiyyatının yeni sahəsinin inkişafı deməkdir.

Bir qayda olaraq, təbii sərvətlərin çıxarıldığı sahələrdə ya yeni yaşayış məntəqələri salınır, yaxud da mövcud yaşayış məntəqələri daha da inkişaf edir.

Bir sözlə, cənab Prezidentin bu məsələyə dair müşavirə keçirməsi Azərbaycanın dağ-mədən sənayesinin inkişafına bundan sonra xüsusi diqqət edəcəyini, bunun üçün xüsusi layihələrin hazırlanacağını göstərir.