"Faiz İslamda konkret olaraq haramdır. İslam dinində qazancın halal yolla əldə edilməsi əsas prinsiplərdən biri hesab olunur. Faiz yolu ilə gəlir əldə etmək isə bu prinsipə zidd qəbul edilir. Hətta “Bəqərə” surəsinin 276-cı ayəsində Allah sələmi (faizlə qazanılan malın bərəkətini) məhv edəcəyini, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artıracağını buyurur".
Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

Onun sözlərinə görə, burada diqqət çəkən məqamlardan biri də bərəkət anlayışıdır:
"Biz əlimizdəki rəqəmlərin çoxluğuna görə bəzən bunu bərəkət hesab etsək də, bərəkətin yalnız vəsaitin miqdarı ilə ölçülmədiyini unuduruq. Əsas məsələ həmin vəsaitin hansı yolla əldə olunması və necə istifadə edilməsidir. Halal yolla əldə edilən az miqdarda vəsaitin insan üçün daha xeyirli və faydalı olması da bu anlayışla əlaqələndirilir.
Yenə Quranın “Rum” surəsinin 39-cu ayəsində “İnsanların malları hesabına artsın deyə faizlə verdiyiniz mal Allah yanında artmaz. Allahın razılığını diləyərək verdiyiniz zəkat isə belə deyildir...” buyurulur. Bu yanaşmada faizlə əldə edilən artım ilə Allahın razılığı üçün verilən mal arasında fərq qoyulur.
İslamda faiz məsələsinə yanaşma yalnız maddi qazanc baxımından deyil, həm də cəmiyyət daxilində ədalətli münasibətlərin qorunması baxımından izah olunur. Faizdən əldə edilən gəlirin borc alan şəxsin üzərinə əlavə maliyyə yükü yaratması da bu məsələnin əsas tərəflərindən biri kimi qiymətləndirilir.
Buna görə də faizə pul vermək haramdır. Quranda faizçilik – sələmçilik Allaha və Onun Elçisinə qarşı müharibəyə girişmiş hesab olunur. Bu ifadə faiz məsələsinin İslam dinində nə qədər ciddi qəbul edildiyini göstərir.
Bu baxımdan müsəlman üçün qazanc əldə edərkən yalnız gəlirin miqdarına deyil, onun hansı yolla əldə edilməsinə də diqqət yetirmək vacibdir. İslamın yanaşmasına görə, halal qazancın əsas meyarlarından biri onun ədalətli və icazə verilən yollarla əldə olunmasıdır".