Bəzən insan güzgüyə baxır, amma özünü görmür. Öz simasına, gözlərinə, üzündəki ifadəyə baxır, amma içində bir sual dolaşır: “Görəsən, mən necə görünürəm?” Və bu sual çox vaxt görünüşlə bağlı olmur. İnsan əslində öz dəyərini, sevilib-sevilmədiyini, yetərli olub-olmadığını başqalarının baxışlarında axtarır.
Biz çox vaxt özümüz haqqında qərarı özümüz vermirik. Kiminsə bir sözü bizi sevindirir, başqa birinin laqeydliyi günümüzü korlayır. Birinin bizi bəyənməsi özümüzə inamımızı artırır, digərinin bizi görməzdən gəlməsi isə sanki bütün dəyərimizi bir anda əlimizdən alır. Beləcə, yavaş-yavaş özümüzü başqalarının gözündə görməyə başlayırıq. Bəs niyə? Çünki insan uşaqlıqdan etibar görməyə, təsdiqlənməyə ehtiyac duyur. “Aferin”, “sən bacararsan”, “səninlə fəxr edirəm” kimi sözlər uşağın özünə münasibətinin formalaşmasında böyük rol oynayır. Əgər insan böyüdükcə daim müqayisə olunursa, tənqid edilirsə, sevgini yalnız uğur qazandıqda və ya kiminsə gözləntisini doğrultduqda hiss edirsə, zamanla öz dəyərini daxilində deyil, kənarda axtarmağa başlayır.
Sonra böyüyürük. Amma içimizdəki o uşaq böyümür. Bir mesaj gözləyirik. Bir telefon zəngi. Bir “səni düşündüm” cümləsi. Bir paylaşımımıza gələn bəyənmə. Bir insanın bizi seçməsi. Birinin arxamızca yaxşı danışması. Bəzən hətta bizə pis münasibət göstərən insanın belə bizi yenidən axtarmasını istəyirik. Çünki məsələ artıq həmin insan deyil. Məsələ bizim özümüzə verdiyimiz dəyərin onun davranışından asılı vəziyyətə düşməsidir.
Sosial media isə bu hissi daha da gücləndirib. İnsanlar öz həyatlarının ən gözəl anlarını göstərir, biz isə öz həyatımızın ən adi, ən yorğun, ən qarışıq günlərini həmin görüntülərlə müqayisə edirik. Başqasının xoşbəxtliyini görüb özümüzü bədbəxt, başqasının uğurunu görüb özümüzü uğursuz, başqasının gözəl görünüşünü görüb özümüzü kifayət qədər gözəl hiss etməyə bilərik.
Halbuki gördüyümüz yalnız bir görüntüdür. Bir insanın həyatının bütöv hekayəsi deyil.
Bəzən də özümüzü sevdiyimiz insanların gözündə axtarırıq. “Məni sevirsə, deməli, mən dəyərliyəm” deyirik. “Məni seçmirsə, deməli, məndə problem var.” Halbuki bir insanın bizi seçməməsi bizim dəyərimizi müəyyən etmir. Bəzən insanlar bizi sevə bilmir, bəzən bizimlə eyni yolda getmək istəmir, bəzən öz problemləri, qorxuları və seçimləri olur. Amma biz bütün bunları özümüzə qarşı hökmə çeviririk.
Ən ağrılısı da budur: insan başqalarının gözündə özünü axtardıqca, öz gözündən itir.
Bir müddət sonra “Mən nə istəyirəm?” sualının yerini “Məndən nə gözləyirlər?” tutur. Hansı paltarı geyinməli olduğumuzu, necə davranmalı olduğumuzu, nə paylaşmalı olduğumuzu, kimlə dostluq etməli olduğumuzu belə başqalarının reaksiyasına görə müəyyənləşdiririk. Özümüzü rahat hiss etdiyimiz həyatı deyil, başqalarının bəyənəcəyi həyatı yaşamağa başlayırıq. Və insanın içində qəribə bir yorğunluq yaranır. Çünki hamını razı salmaq mümkün deyil. Nə qədər yaxşı olsanız da, sizi sevməyən biri olacaq. Nə qədər uğurlu olsanız da, sizi kiçiltmək istəyən biri çıxacaq. Nə qədər gözəl danışsanız da, sözünüzü səhv anlayan olacaq. Nə qədər fədakar olsanız da, bunu qiymətləndirməyən insan tapılacaq.
Əgər bütün bunlara görə özünüzü dəyişsəniz, bir gün güzgüyə baxıb qarşınızdakı insanı tanımaya bilərsiniz. Bəlkə də insanın həyatında ən böyük dönüş nöqtələrindən biri budur: “Məni necə görürlər?” sualından “Mən özümü necə görürəm?” sualına keçmək. Çünki insanın özünə münasibəti başqalarının münasibətindən daha uzunömürlüdür. Sizi hər gün tərifləməyəcəklər. Hər zaman başa düşməyəcəklər. Hər zaman seçməyəcəklər. Bəzən sizi tərk edənlər də olacaq. Bəzən haqqınızda yanlış düşünənlər, sizi incidənlər, dəyərinizi görməyənlər olacaq.
Amma bütün bunların içində özünüzü itirməmək lazımdır.
Öz dəyərini bilmək heç kimə ehtiyac duymamaq demək deyil. İnsan yenə də sevilmək, eşidilmək, qucaqlanmaq, yanında birinin olmasını istəyir. Bu, insan olmağın ən təbii ehtiyaclarından biridir. Sadəcə fərq ondadır ki, artıq öz dəyərimizi başqasının sevgisinin şərtinə çevirmirik. Bəlkə də böyümək bir az da budur. Kiminsə gözündə yaxşı görünmək üçün deyil, öz vicdanımız qarşısında rahat olmaq üçün yaşamaq. Kiminsə bizi seçməsini gözləmək əvəzinə özümüzü seçmək. Kiminsə “sən kifayətsən” deməsini gözləmək əvəzinə bunu özümüzə deyə bilmək. Və ən əsası, bir gün güzgünün qarşısında dayanıb başqasının baxışını axtarmadan öz gözlərimizə baxa bilmək…Çünki insanın özünü tapdığı yer başqalarının gözləri deyil.
İnsanın özünü tapdığı yer öz içidir.