Ceyhun Bayramov Cibutili həmkarı ilə görüşüb

22 Sentyabr 2026 22:31 (UTC+04:00)

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cibutili həmkarı Abdulkader Hüseyn Omarla görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə səhifəsində məlumat paylaşıb.

Tərəflər Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə mövcud imkanlardan səmərəli istifadə etməklə ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və digər çoxtərəfli platformalarda koordinasiya və qarşılıqlı dəstək məsələləri də müzakirə olunub.

Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etmək üçün hazırlıqları və qarşıdakı İƏT sədrliyi də görüşün gündəliyində yer alıb.

Nazirlər, həmçinin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinin inkişafını müzakirə edib, gərginliyin azaldılmasının və vəziyyətin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Mətləb