Sabahdan etibarən “Xocasən” və “Avtovağzal” metro stansiyalarından keçid ödənişsiz olacaq.
Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, sabahdan etibarən səhər saat 06:00-dan gecə saat 22:00-dək “Xocasən” və “Avtovağzal” stansiyalarında sərnişinlərin girişi ödənişsiz təmin ediləcək.
Bununla yanaşı, sərnişinlər “8 Noyabr” stansiyasına qədər, həmçinin “Memar Əcəmi” stansiyasına keçməklə Yaşıl xətt üzrə “Dərnəgül” və “Nizami” stansiyaları arasında yerləşən istənilən stansiyaya qədər ödənişsiz hərəkət edə biləcəklər.
Bəxtiyar Məmmədov bildirib ki, bu qərar Bakı Metropoliteni, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər aidiyyəti qurumlarla birgə aparılan monitorinqlərin nəticələrinə əsasən qəbul edilib.
Qeyd olunub ki, paytaxtın şimal istiqamətində, xüsusilə səhər saatlarında mərkəzə doğru nəqliyyat axınının artması 20 Yanvar, Moskva prospekti və “Şamaxinka” kimi tanınan ərazilərdə tıxacların yaranmasına səbəb olur. Qərarın həmin istiqamətdə nəqliyyat axınının bölüşdürülməsinə və sərnişinlər üçün alternativ hərəkət imkanlarının yaradılmasına müsbət təsir göstərəcəyi gözlənilir.
Onun sözlərinə görə, sərnişinlər ilk növbədə tıxacda itirdikləri vaxta qənaət etmiş olacaq. Ödənişsiz gediş isə onların nəqliyyat xərclərinin azalmasına imkan verəcək.
Bildirilib ki, statistik göstəricilərə əsasən, Yaşıl xəttdə sərnişin axını təxminən 50 faiz, Bənövşəyi xəttdə isə 38 faiz azalıb.
Mətbuat katibi qeyd edib ki, sərnişin axınının artacağı təqdirdə Yaşıl xəttdə qatarlararası intervalın 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə endirilməsi mümkündür.
Bundan əlavə, Sumqayıt, Xırdalan, Masazır və Bakı-Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələrindən “Xocasən” və “Avtovağzal” stansiyalarına avtobus marşrutlarının yönləndirilməsi nəzərdə tutulur.
Bəxtiyar Məmmədov bildirib ki, aidiyyəti qurumların birgə monitorinqlərinin nəticələrindən asılı olaraq əlavə avtobusların yönləndirilməsi, metroda intervalların azaldılması və digər zəruri tədbirlərin görülməsi mümkündür.