ƏDV geri al və qiymət artımı: Qaytarılan vəsait bazarda əlavə tələb yaradırmı? - İQTİSADÇI

22 Sentyabr 2026 16:16 (UTC+04:00)

"Vətəndaş aldığı məhsulun əlavə dəyər vergisini ödəyir və bu əlavə dəyər vergisi artıq büdcəyə daxil olan bir məbləğdir. ƏDV geri al mexanizmi ilə dövlət vətəndaşı, xüsusilə də elektron ödənişləri təşviq etmək üçün həmin vəsaitin bir hissəsini geri qaytarır. Yəni dövlət büdcəsindən vəsait çıxaraq vətəndaşın cibinə daxil olur və bu, ümumi olaraq vətəndaşın gəliri kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya İqtisadçı alim, Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov deyib.

Onun sözlərinə görə, bu prosesi və mexanizmi bu şəkildə izah etməyimin səbəbi odur ki, burada əslində sahibkarla əlaqədar hər hansı bir proses yoxdur: "Yəni sahibkarın cibindən çıxan bir pul deyil, dövlət büdcəsindən çıxan bir vəsaitdir və vətəndaşa geri qaytarılır.

Ümumilikdə, son illərdə ƏDV geri al layihəsi çərçivəsində hər keçən il qaytarılan vəsaitin həcmi getdikcə artır. Amma yenə də ümumilikdə götürdükdə, məsələn, mən baxdım, bu ilin yanvar-avqust aylarında təxminən 139 milyon manat civarında vəsait qaytarılıb. Bu rəqəm ümumilikdə böyük rəqəm olmasa da, özlüyündə ciddi məbləğ sayıla bilər. Lakin məcmu istehlakın həcmi ilə müqayisədə o qədər də böyük rəqəm deyil ki, bazarda əlavə tələb yaratsın və bu tələbin artması qiymətlərin yüksəlməsinə səbəb olsun.

Nə baş verə bilər? Süni şəkildə sahibkar bəzi hallarda vətəndaşa qaytarılan həmin məbləği vətəndaşın qazancı kimi görüb, psixoloji olaraq belə düşünə bilər ki, qiyməti bir o qədər də artırsın. Bu isə vətəndaşın cibinə getməsi nəzərdə tutulan vəsaitin istehlakçı əvəzinə sahibkar tərəfindən əldə edilməsinə gətirib çıxara bilər.

Amma mən bunu hazırkı vəziyyətdə istisna edirəm. Çünki onsuz da müəyyən qədər inflyasiya və qiymətlərdə artım var. Bunun üzərinə sahibkarın əlavə qiymət qoyaraq qiyməti artırması əlavə məhsula olan tələbi də azalda bilər.

Yekun olaraq, əgər belə hallar varsa, təbii ki, qiymət monitorinqi və antiinhisar tədbirləri çərçivəsində bu məsələyə baxıla bilər".