Coca-Cola-nın dəstəyi ilə “Xəzəri Qoruyaq!” ekoloji aksiyası yekunlaşıb

22 Sentyabr 2026 15:06 (UTC+04:00)

Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması və digər tərəfdaşların dəstəyi ilə keçirilən “Xəzəri qoruyaq!” genişmiqyaslı ekoloji kampaniyasına 19 sentyabr tarixində Bakının Bilgəh çimərliyində yekun vurulub.

Ətraf mühitin qorunması və sahilyanı ərazilərin təmizliyinə töhfə vermək məqsədi daşıyan aksiya çərçivəsində 2 sentyabr tarixindən etibarən Xəzərin Xaçmaz, Siyəzən, Neftçala Lənkəra, Astara və Sumqayıt çimərliklərində də təmizlik işləri həyata keçirilib.

Aksiyanın əsas məqsədi ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaq, əhalinin ətraf mühitin qorunması və tullantıların idarə olunması məsələləri üzrə maarifləndirilməsini gücləndirmək, eləcə də təbiətə məsuliyyətli yanaşmanı təşviq etməkdir.

Aksiya çərçivəsində 1500-dən çox könüllü 30 hektar sahilyanı ərazini 5 ton tullantıdan təmizləyib.

Aksiyanın əsas tərəfdaşları sırasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Carlsberg Azerbaijan”, “McDonald’s” və “PwC Azərbaycan” var. Aksiyanı dəstəkləyən digər təşkilatlar arasında isə Azərbaycan Dövlət Reklam Agentliyi, “Təmiz Şəhər” ASC, ABŞ-nin Azərbaycandakı səfirliyi, “AmCham”, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, AFFA, “Yaşıl ASAN”, “ABŞ Təhsilli Azərbaycan Məzunları” ictimai birliyi, Mərcan Hospital, Ecovis Azerbaijan, “Baku Marathon Club”, “Freken Bok” (Biosphere Corporation) və Azərbaycan Jurnalistlər Şəbəkəsi yer alıb.

“Xəzəri Qoruyaq!” aksiyası bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatında Azərbaycan da “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 17 ildir ki, iştirak edir. Bu illər ərzində Xəzər dənizinin çimərliklərinin 120 hektardan çox ərazisi təxminən 67 ton məişət tullantısından təmizlənib.