Cəmiyyətdə etimad və həmrəylik sosial kapitalın əsas göstəriciləridir” - SOSİOLOQ

22 Sentyabr 2026 14:56 (UTC+04:00)

"Cəmiyyətdə güvən, etimad, dəstək, həmrəylik, qayğıkeş münasibət – bütün bunlar cəmiyyətin sosial-mənəvi dəyərlər sisteminə aid olan məsələlərdir. İnsanların bir-birinə olan etimadı, insanların dövlət qurumlarına olan güvəni, eyni zamanda müxtəlif mövzularda fikir bildirən, rəy bildirən, çıxış yolu göstərən ayrı-ayrı ekspertlərin, mütəxəssislərin fikirlərinə və düşüncələrinə olan etimadı və inamı – bütün bunlar cəmiyyətdə, əslində, qeyd etdiyimiz kimi, sosial kapital rolunu oynayır". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, sosial kapital dedikdə, cəmiyyətdə insanların bir-birinə olan etibarı, güvəni, dəstəyi və həmrəyliyi nəzərdə tutulur: "Bütün bu anlayışların məzmununu elmi ifadə ilə ümumiləşdirsək, bu, cəmiyyətin sosial kapitalıdır. Onun açıqlaması isə sosial-mənəvi dəyərlər sistemidir.

Azərbaycanda vaxtilə bununla bağlı sosioloji tədqiqat da aparılmışdır. Paytaxt Bakı olmaqla daha iki digər Azərbaycan şəhərində həyata keçirilən həmin tədqiqat təxminən 2019–2020-ci illəri əhatə etmişdir. O zamankı tədqiqatın nəticələrinə görə, Azərbaycan cəmiyyətində insanların bir-birinə etibarı, güvəni, dəstəyi və həmrəyliyi qənaətbəxş səviyyədə idi. Ancaq vətəndaşların ayrı-ayrı dövlət qurumlarına, məsələn, hansısa mövzuda fikir bildirən dövlət məmuruna və yaxud ekspertlərə inamı və güvəni, açıqcası, yetərli səviyyədə deyildi.

Düşünürəm ki, son onilliklərdə cəmiyyətin mənəvi dəyərləri bir növ deqradasiyaya uğrayır. Yəni insanların bir-birinə olan etimadı, güvəni, dəstəyi və həmrəyliyi, əvvəlki dövrlərlə müqayisədə, açıqcası, bir qədər neqativ istiqamətə yönəlmişdir.

Amma cəmiyyətdə inamın, güvənin və etibarın yüksək olması, bu sosial kapitalın inkişafı nələrə təsir edir? Birinci növbədə deyək ki, insanların güvəni və etibarı böyük iş imkanları yaradır. İnsanlar öz fəaliyyətlərində hansısa itkilərlə və qarşılaşacaqları problemlərlə bağlı narahatlıqlardan daha çox, qarşıdakı insana güvənərək onunla iş birliyində, fikir birliyində, həmrəylikdə olaraq birlikdə böyük uğurlara imza ata, iş qura və işlərini inkişaf etdirə bilərlər.

Amma bu sosial kapital zəif olduqda insanlar bir-birindən çəkinəcək durumda olurlar və bu da kollektiv, birgə fəaliyyətin formalaşmasına mənfi təsir edir.

Çox təəssüf ki, müsəlman Şərqi cəmiyyətində bu göstəricilər o qədər də qənaətbəxş səviyyədə deyil. Hətta Qərb cəmiyyətlərini Uzaq Şərq cəmiyyətləri ilə müqayisə etdikdə, bir-birinə bağlılıq, dəyərlərə bağlılıq, inam və etibar məsələlərində, əlbəttə ki, Uzaq Şərq ölkələri, məsələn, Yaponiya daha yaxşı inkişaf edib.

İnsanların bir-birinə etibarı və güvəni məsələsində, istər insanların, vətəndaşlarımızın dövlət qurumlarına olan güvəni məsələsində, hətta bir zamanlar, 10 illər öncə, hansısa sosioloji tədqiqatların nəticələrində insanların məhkəmələrə inamı və etibarı o qədər də qənaətbəxş deyildi.

Amma düşünürəm ki, zaman dəyişdikcə bizim keçmişimizdə olan mərdlik, dəyər, söz, bütövlük, həmrəylik, etibarlılıq və s. bu kimi sosial-mənəvi keyfiyyətlər Azərbaycan cəmiyyətində yenidən öz təzahürlərini göstərəcək".