“Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyur” -DEPUTAT DANIŞDI

22 Sentyabr 2026 14:43 (UTC+04:00)

“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafı baxımından mühüm hadisədir”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illərdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Dövlət Proqramının hazırlanması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin və uzunmüddətli inkişaf strategiyasının növbəti göstəricisidir.

Tahir Rzayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının genişləndirilməsi, regionların iqtisadi potensialından səmərəli istifadə və yeni iş yerlərinin yaradılması əsas istiqamətlərdəndir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı da bu məqsədlərlə uzlaşır.

“Burada söhbət yalnız yeni mədənlərin istismarından və xammal hasilatının artırılmasından getmir. Əsas məsələ Azərbaycanın mineral-xammal ehtiyatlarının daha səmərəli istifadəsi, hasil olunan xammalın ölkə daxilində emalının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının artırılmasıdır. Bu baxımdan xammaldan hazır məhsula qədər vahid istehsal zəncirinin yaradılması xüsusi əhəmiyyət daşıyır”, – deyə deputat vurğulayıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin 1 aprel 2026-cı il tarixli Sərəncamı ilə 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib. Sənəddə mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında əlaqələrin gücləndirilməsi, metal emalının genişləndirilməsi və metallurgiya məhsullarının ixrac potensialının artırılması kimi mühüm istiqamətlər müəyyənləşdirilib.

Tahir Rzayevin sözlərinə görə, Dövlət Proqramında alüminium sənayesinin inkişafı da xüsusi yer tutur. “Xammal-emal-son məhsul” prinsipinin tətbiqi ilə istehsal imkanlarının genişləndirilməsi, elektroliz və alüminium yayma məhsullarının istehsal gücünün artırılması ölkənin sənaye potensialının gücləndirilməsinə xidmət edən mühüm addımlardır.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin regionların sənaye potensialının artırılması ilə bağlı həyata keçirdiyi siyasət də bu prosesin mühüm hissəsidir. Gəncə və Şəmkir ərazilərində Qərb Sənaye Parkının yaradılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və sənaye infrastrukturunun genişləndirilməsi regionların iqtisadi fəallığının artırılmasına hesablanıb.

“Dağ-mədən sənayesinin inkişafında işğaldan azad edilmiş ərazilərin potensialından istifadə də mühüm istiqamətdir. Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyətə başlaması bunun konkret nümunələrindən biridir. Burada filizin emalı və mis konsentratının istehsalı həyata keçirilir. Belə layihələr həm ərazilərin iqtisadi potensialının reallaşdırılması, həm də ölkənin sənaye imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir”, – deyə Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramının qarşıya qoyduğu hədəflər kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə sektora 5,3 milyard manat investisiyanın yatırılması və 5 mindən çox daimi iş yerinin yaradılması planlaşdırılır.

Tahir Rzayev hesab edir ki, investisiyaların həm dövlət, həm dövlət müəssisələri, həm də özəl sektor hesabına həyata keçirilməsi bu sahənin inkişafında müxtəlif maliyyə mənbələrinin səfərbər edilməsinə imkan verəcək.

“Özəl sektorun bu prosesə cəlb edilməsi xüsusilə əhəmiyyətlidir. Çünki iri investisiya layihələrinin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi və istehsal imkanlarının genişləndirilməsi üçün dövlət dəstəyi ilə yanaşı, özəl kapitalın imkanlarından da istifadə olunması vacibdir”, – deyə deputat qeyd edib.

Deputat Dövlət Proqramının aqrar sahə baxımından da müəyyən əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, regionlarda sənaye və kənd təsərrüfatının paralel inkişafı yerli iqtisadiyyatın şaxələndirilməsinə, məşğulluğun artırılmasına və əhalinin gəlir imkanlarının genişlənməsinə şərait yarada bilər. Dağ-mədən və metallurgiya layihələrinin həyata keçirildiyi rayonlarda yaradılan yeni infrastruktur və iqtisadi imkanlar digər sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafına da təsir göstərə bilər.

“Metallurgiya sənayesinin inkişafı aqrar sektor üçün də müəyyən imkanlar yaradır. Yerli sənaye istehsalının genişlənməsi kənd təsərrüfatında istifadə olunan müxtəlif texnika, avadanlıq və metal konstruksiyaların istehsalının inkişafına təkan verə bilər. Bu baxımdan sənaye ilə aqrar sektor arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi regionların kompleks inkişafına xidmət edən amillərdən biri ola bilər”, – deyə Tahir Rzayev əlavə edib.

O vurğulayıb ki, Dövlət Proqramında dəmir filizi, alüminium, mis və qızıl kimi istiqamətlər xüsusi yer tutur. Bununla yanaşı, yeni yataqların müəyyənləşdirilməsi, geoloji-kəşfiyyat işlərinin genişləndirilməsi və iqtisadi baxımdan səmərəli ehtiyatların sənaye dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur.

“Azərbaycanın təbii resurs potensialından səmərəli istifadə etməklə yanaşı, əsas məqsəd həmin resursların ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Bu, həm sənayenin inkişafı, həm ixrac imkanlarının genişləndirilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından mühüm nəticələr verə bilər”, – deyə deputat bildirib.

Tahir Rzayev qeyd edib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ölkənin daha geniş sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, proqramın qarşıdakı illərdə icrası sənaye istehsalının genişləndirilməsi, regionların iqtisadi potensialının artırılması, qeyri-neft ixracının şaxələndirilməsi və mineral resursların iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi baxımından yeni imkanlar yaradacaq.

“Prezident İlham Əliyevin bu sahə ilə bağlı verdiyi tapşırıqlar və qəbul etdiyi qərarlar göstərir ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafına kompleks yanaşılır. Qarşıdakı dövrdə əsas məqsəd hasilatdan emala, emaldan isə son məhsul istehsalına keçidi təmin etmək, ölkənin sənaye potensialını daha da gücləndirməkdir”, – deyə Tahir Rzayev fikirlərini yekunlaşdırıb.