"Vahid məktəbli formasının əsas məqsədi sosial fərqlərin qarşısını almaqdır" - TƏHSİL EKSPERTİ

22 Sentyabr 2026 13:41 (UTC+04:00)

"Vahid məktəbli formasının tətbiqində əsas məqsədlərdən biri məktəblilər arasında sosial və maddi fərqlərin xarici görünüş üzərindən qabardılmasının qarşısını almaqdır. Mən hesab edirəm ki, bu yanaşma ümumilikdə düzgün istiqamətdir. Çünki məktəb, ilk növbədə, təhsil və sosiallaşma mühitidir və şagirdlərin geyimi onların ailələrinin maddi imkanlarını nümayiş etdirən amilə çevrilməməlidir". Bu fikirləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Əlmusa Atamaliyev bildirib.

Onun sözlərinə görə, lakin vahid forma yalnız eyni rəng və modelin müəyyənləşdirilməsi ilə öz məqsədinə tam şəkildə çata bilməz: "Burada əsas məsələ formanın ailələr üçün nə dərəcədə əlçatan olmasıdır. Əgər forma standartlaşdırılır, amma onun qiyməti yüksək olur və valideyn hər tədris ili üçün bir neçə dəst almağa məcbur qalırsa, bu zaman sosial bərabərliyi təmin etmək məqsədi müəyyən qədər zəifləyir.

Mənim fikrimcə, mövcud forma tələblərinə yenidən baxılarkən ilk növbədə praktik və iqtisadi amillər nəzərə alınmalıdır. Forma keyfiyyətli, davamlı və gündəlik istifadəyə uyğun olmalıdır. Eyni zamanda, mövsümə uyğun bir neçə əsas geyim elementinin müəyyənləşdirilməsi kifayətdir. Valideynin əlavə və ya məcburi şəkildə çoxsaylı geyim dəstləri almasına ehtiyac yaranmamalıdır.

Digər vacib məsələ seçim imkanlarının qorunmasıdır. Vahid forma dedikdə bütün şagirdlərin mütləq eyni məhsulu eyni yerdən alması nəzərdə tutulmamalıdır. Əsas standartlar – rəng, ümumi görünüş və məktəb tələbləri müəyyənləşdirilə bilər, lakin valideyn həmin standartlara uyğun formanı daha münasib qiymətə müxtəlif satış nöqtələrindən əldə etmək imkanına malik olmalıdır.

Bundan başqa, forma istehsalçıları və satış qiymətləri ilə bağlı şəffaflığın təmin olunması da vacibdir. Əgər məktəbli formasının tətbiqindən sosial bərabərlik məqsədi güdülürsə, onun ailələr üçün əlavə maliyyə yükünə çevrilməməsi də həmin siyasətin ayrılmaz hissəsi olmalıdır.

Düşünürəm ki, aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyəti də ayrıca nəzərə alınmalıdır. Belə ailələr üçün forma ilə bağlı müəyyən güzəştlərin və ya dəstək mexanizmlərinin tətbiqi sosial baxımdan əhəmiyyətli addım ola bilər.

Ümumilikdə isə vahid məktəbli formasının uğurunu yalnız şagirdlərin eyni geyimdə olması ilə ölçmək düzgün deyil. Əsas göstərici odur ki, bu forma həm məktəbdə sosial fərqlərin nümayişini azaltsın, həm də valideyn üçün əlçatan və münasib olsun. Yəni məqsəd yalnız vahid görünüş yaratmaq deyil, bunu ailələrin büdcəsinə əlavə təzyiq yaratmadan həyata keçirməkdir".