“İstifadə edilən meyvə-tərəvəzlər sağlam və keyfiyyətli olmalıdır” -EKSPERT DANIŞDI

22 Sentyabr 2026 11:51 (UTC+04:00)

“Şoraba hazırlanarkən düzgün qaydalara əməl olunmazsa, bu məhsul sağlamlıq üçün ciddi risk yarada bilər. Xüsusilə bazarlarda satılan ev üsulu şorabalarda əsas məsələ məhsulun mənbəyinin məlum olub-olmaması, hansı şəraitdə hazırlanıb saxlanılması və istehlakçıya hansı formada təqdim edilməsidir”.

Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu məlumatlar etibarlı deyilsə, həmin məhsulu almaq tövsiyə olunmur:

“Əsas risklərdən biri botulizm zəhərlənməsidir. Botulizm toksini xüsusilə oksigensiz, qapalı mühitdə inkişaf edə bilər. Buna görə də şoraba hazırlanarkən bir sıra qaydalara ciddi əməl olunmalıdır.

İlk növbədə, istifadə edilən meyvə-tərəvəzlər sağlam və keyfiyyətli olmalıdır. Onlar təmiz yuyulmalı, əzilmiş və ya xarab olmuş məhsullardan istifadə edilməməlidir. Bəzən meyvənin xarab olmuş hissəsini kəsib sağlam hissəni digər məhsulların yanına qoyurlar. Bu, düzgün yanaşma deyil. Çünki meyvənin bir hissəsində xarab olma müşahidə edilirsə, görünməyən hissələrdə də mikrobioloji çirklənmə ola bilər. Ona görə yalnız tam sağlam, xarab olmayan və əzilməmiş meyvə-tərəvəzdən istifadə etmək lazımdır.

Məhsulların üzərində torpaq və digər çirkləndiricilər qalmamalı, qablar və bankalar isə hərtərəfli yuyulmalı və sterilizasiya edilməlidir. Qablaşdırma zamanı, xüsusilə qapaqlardan istifadə edilirsə, yeni və bütöv qapaqlara üstünlük verilməlidir. Təkrar istifadə olunan qapaqlarda hermetikliyin pozulması məhsula havanın daxil olmasına və onun xarab olmasına səbəb ola bilər.

Şoraba hazırlanarkən reseptdə nəzərdə tutulan duz, şəkər, sirkə və digər komponentlərin nisbətinə dəqiq əməl edilməlidir. Saxlanma zamanı temperatur və digər uyğun şərait nəzərə alınmalıdır.

Məhsulun üzərində onun hazırlandığı tarix və son istifadə müddətinin göstərilməsi də vacibdir. Ev üsulu ilə hazırlanan şorabalarda əlavə konservantlardan istifadə edilmədiyi hallarda onların saxlanma müddəti daha məhdud ola bilər. Hazırlanma və son istifadə tarixi məlum olmadıqda isə istehlakçı məhsulun nə qədər müddət saxlanıldığını müəyyən edə bilmir.

Şorabaların “ev üsulu ilə hazırlanması” və ya açıq şəkildə bazarda satılması onun avtomatik olaraq təhlükəsiz və keyfiyyətli olması demək deyil. Mütləq məhsulun mənbəyinə və saxlanma şəraitinə diqqət yetirmək lazımdır.

Əgər məhsulun rəngi, qoxusu və görünüşü dəyişibsə, suyunda bulanıqlıq və ya çöküntü varsa, yaxud bankanın qapağında şişkinlik müşahidə olunursa, həmin məhsulu almaq və istehlak etməkdən çəkinmək lazımdır.

Lakin burada vacib məqam ondan ibarətdir ki, bəzi təhlükəli toksinlərin mövcudluğu məhsulda gözlə görünən dəyişiklik yaratmaya bilər. Yəni məhsulun qoxusu və rəngi normal görünsə belə, hazırlanma zamanı sanitar-gigiyenik qaydalara əməl edilməyibsə, onun tərkibində zərərli mikroorqanizmlər və toksinlər ola bilər. Bu isə qida zəhərlənməsinə, o cümlədən botulizmə səbəb ola bilər”.