CNN, MS NOW və Politico ABŞ Prezidenti Donald Tramp administrasiyasını Ağ Ev ərazisinə girişlərinin məhdudlaşdırılmasına görə məhkəməyə verib. Media qurumları hesab edir ki, tətbiq edilən qadağa ABŞ Konstitusiyasının Birinci Düzəlişində nəzərdə tutulan söz və mətbuat azadlığı hüquqları ilə ziddiyyət təşkil edir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, üç media qurumu federal məhkəmədən Tramp administrasiyasının qərarının müvəqqəti dayandırılmasını istəyib. Məhkəmədə ilkin dinləmənin sentyabrın 23-də keçirilməsi nəzərdə tutulur.
Məsələ ABŞ-da prezident administrasiyası ilə media arasında yaranmış ciddi qarşıdurmanın fonunda baş verib. Tramp daha əvvəl CNN, MS NOW və Politico-nu Ağ Evdə işıqlandırmalarına görə tənqid edib və onların Ağ Ev ərazisinə buraxılmasını dayandırıb.
Bu qərardan sonra ABŞ-ın əsas televiziya şəbəkələri də prezidentin televiziya yayımı üzrə mətbuat hovuzunda iştirakla bağlı fəaliyyətlərini dayandırıb. CNN, ABC, CBS, NBC və Fox News arasında növbəli şəkildə həyata keçirilən bu sistem prezidentin tədbirlərindən görüntülərin digər media qurumlarına ötürülməsini təmin edirdi.