“Müasir dövrdə məktəb mühitinin sosial strukturunu formalaşdıran amillər arasında geyim mədəniyyətinin tənzimlənməsi təhsilin keyfiyyətinə birbaşa təsir edən fundamental sosioloji məsələdir”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
O qeyd edib ki, təhsil müəssisələrində xarici görünüşün vahid standart çərçivəsinə salınması sadəcə vizual nizam yaratmaq məqsədi daşımır. Onun sözlərinə görə, bu yanaşma eyni zamanda sinif otaqlarında inklüziv, bərabərhüquqlu və rəqabətdən uzaq öyrənmə mühitinin formalaşmasına strateji zəmin hazırlayır:
“Səliqəli və estetik geyim mədəniyyətinin təşviq edilməsi şagirdlərin təhlükəsizliyini təmin etməklə yanaşı, onların məktəb mühitinə daha asan adaptasiya olunmasına da imkan yaradır. Bu baxımdan geyim siyasəti sadəcə inzibati qayda deyil, təhsilin fəlsəfəsini, tədris prinsiplərini və uşaqların sosial inkişafını özündə birləşdirən bütöv pedaqoji yanaşmadır”, – deyə İlqar Orucov vurğulayıb.
Onun sözlərinə görə, təhsil psixologiyasının fundamental prinsipləri kənar vizual stimulların minimuma endirilməsinin şagirdlərin dərslərə zehni bağlılığını və idrak fəallığını artırdığını göstərir.
“Geyim üzərindən yaranan fərqlilikləri neytrallaşdıran standart geyim sistemi uşaqların diqqətini elmi biliklərin mənimsənilməsinə yönəldir. Dr. En Bodin, professorlar Devid Brunsma və Virciniya Dra kimi tanınmış alimlərin sosioloji tədqiqatları sübut edir ki, geyim vahidliyi məktəblərdə həmyaşıd bullinqini 60 faizə qədər azaldır, tədrisə fokuslanma səviyyəsini isə 55 faizə qədər yüksəldir. Bu isə daxili motivasiyanı gücləndirərək şagirdlərin kollektiv məsuliyyət hissini və oxuduqları təhsil ocağına aidiyyət duyğusunu mənimsəmələrinə birbaşa kömək edir”, – deyə o bildirib.
İ.Orucov əlavə edib ki, eyni parta arxasında oturan uşaqların vizual olaraq bərabərhüquqlu mövqedə dayanması ayrı-seçkilik risklərinin azalmasına və sinif daxilində sağlam dostluq münasibətlərinin qurulmasına mühüm pedaqoji təsir göstərir.
“Dünya şöhrətli sosioloq professor Con Meyerin elmi araşdırmaları da təsdiqləyir ki, təhsil sistemində mühitin neytrallığı müəllim-şagird münasibətlərini daha obyektiv və etibarlı müstəviyə daşıyır. Məktəb mühitində ən vacib şərt şagirdin sosial statusundan, ailəsinin iqtisadi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq eyni başlanğıc fürsətlərinə malik olmasıdır”, – deyə ekspert qeyd edib.
O bildirib ki, dövlət təhsilinin dünyəvilik və inklüzivlik prinsipləri də təhsil ocağının hamı üçün bərabər məkan olmasını nəzərdə tutur.
“Bu baxımdan vahid geyim tərzi hər bir uşağın tədris prosesində bərabərhüquqlu iştirakını təmin edərək dövlətin hamı üçün əlçatan təhsil siyasətinə mühüm idarəetmə dəstəyi verir”, – deyə İlqar Orucov vurğulayıb.
Ekspertin sözlərinə görə, qabaqcıl təhsil sistemlərinə malik dövlətlərin pedaqoji təcrübəsi də bu yanaşmanın effektivliyini nümayiş etdirir.
“Çin Xalq Respublikası məktəbli formaları üçün dövlət səviyyəsində çox ciddi milli standartlar – GB/T 31888 müəyyən edərək sosial təbəqələşmənin və kənar təsirlərin qarşısını almağa çalışır. Avropada isə Fransa geyim üzərindən yaranan iqtisadi fərqləri aradan qaldırmaq və dünyəviliyi qorumaq üçün dövlət məktəblərində genişmiqyaslı geyim təcrübələrinə müraciət edib”, – deyə o bildirib.
İ.Orucov qeyd edib ki, İsveçrə, Böyük Britaniya, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə də məktəbli formasına nizam-intizam və akademik mühitlə bağlı yanaşmalar mövcuddur.
“Hətta fərdi sərbəstliyin geniş olduğu ABŞ, Almaniya, İsveç və Niderland kimi ölkələrin təhsil sistemlərində belə, son illərdə geyimə görə qruplaşmaların yaratdığı fəsadlar səbəbindən vahid geyim kodeksinin tətbiqi pedaqoji icmaların əsas müzakirə mövzularından birinə çevrilib”, – deyə ekspert əlavə edib.
O vurğulayıb ki, bu istiqamətdə tətbiq olunacaq bütün addımlar şagirdlərin yaş xüsusiyyətlərinə, hərəkət dinamikasına və fəsillərin iqlim şəraitinə uyğun, praktik prinsiplərlə idarə edilməlidir.
“Parçaların keyfiyyəti və uşaqların fiziki rahatlığı təmin olunmaqla yanaşı, geyim mədəniyyətinə riayət edilməsi ailə ilə məktəb arasında ortaq qaydalara hörməti bərqərar edir. Məktəbdaxili nizam-intizam qaydaları heç bir sosial status fərqi qoyulmadan bütün şagirdlər və valideynlər üçün bərabər dərəcədə məcburi olmalıdır”, – deyə İlqar Orucov bildirib.
Ekspertin sözlərinə görə, xüsusi günlərdə milli-mədəni elementlərdən istifadəyə şərait yaradılması sistemin sərt və güzəştsiz deyil, əksinə, mənəvi dəyərlərə açıq, humanist və çevik xarakter daşıdığını göstərir.
“Düşünürəm ki, məktəbli geyimləri ilə bağlı atılan addımlar təhsil müəssisəsində sağlam və keyfiyyətli öyrətmə mühiti yaratmağa xidmət edən, akademik keyfiyyət ruhu və tam sosial bərabərlik mühiti formalaşdıran, eyni zamanda şagirdlərdə gənc yaşlarından estetik zövq və peşəkar nizam tərbiyə edən fundamental, strateji yanaşmadır”, – deyə İlqar Orucov fikirlərini yekunlaşdırıb.