Gülüstan türbəsi – Naxçıvan memarlıq məktəbinin nadir nümunəsi - ARAŞDIRMA

21 Sentyabr 2026 15:44 (UTC+04:00)

Naxçıvanın tarixi-memarlıq abidələri arasında özünəməxsus quruluşu və həndəsi ornamentləri ilə seçilən Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığında, Araz çayının sol sahilində yerləşir. Türbə kənddən təxminən bir kilometr şərqdə yerləşir və orta əsr Azərbaycan memarlığının diqqətçəkən nümunələrindən hesab olunur.

Gülüstan türbəsinin dəqiq tikilmə tarixi barədə abidənin üzərindəki kitabənin dövrümüzə gəlib çatmaması səbəbindən tam dəqiq məlumat yoxdur. Lakin, onun memarlıq xüsusiyyətləri, ornamentləri və konstruktiv quruluşu əsasında türbənin XII əsrə aid olduğu ehtimal olunur.

Gülüstan türbəsi Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi dövrün mühüm nümunələrindən biridir. Abidənin memarlıq həllində böyük Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılıq ənənələrinin təsiri açıq şəkildə müşahidə olunur.

Lakin, burada mühüm bir məqam var ki, türbənin birbaşa Əcəmi Naxçıvani tərəfindən inşa edildiyi dəqiq təsdiqlənməyib. Buna görə onun memarlıq ənənələrinin Əcəmi məktəbi ilə bağlı olduğunu desək daha doğru olar.

Gülüstan türbəsinin adı bəzən başqa mənbələrdə “Kəsik günbəz” adı ilə də yazılır. Bu ad abidənin özünəməxsus xarici görünüşü ilə əlaqələndirilir. Türbə ənənəvi günbəzli türbələrdən daha fərqli memarlıq quruluşa malikdir.

Abidə ümumilikdə iki hissədən: – sərdabə və türbədən ibarətdir. Gülüstan türbəsinin əsas fərqlərindən biri isə sərdabənin digər bir çox orta əsr türbələrindəki kimi yerin altında deyil, yer səthində yerləşməsidir.

Türbənin aşağı hissəsi yonulmuş daşdan hazırlanmış kürsülükdən ibarətdir. Xaricdən bu hissə kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir.

Yuxarı hissə isə 12 üzlü qüllə formasındadır. Türbənin yuxarı kamerası dairəvi plana malikdir və diametri təxminən 4,6 metrdir. Divarlar yuxarı qalxdıqca tədricən günbəz formasını alır.

Bu konstruktiv həll Gülüstan türbəsinin Naxçıvan memarlıq məktəbinin digər türbələrindən müəyyən dərəcədə fərqlənməsinə səbəb olur.

Gülüstan türbəsinin diqqətçəkən digər xüsusiyyətlərindən biri onun həndəsi naxışları və ornamentləridir.

Türbənin gövdəsində yaradılmış tağçaların daxilində müxtəlif həndəsi kompozisiyalar təsvir olunub. Maraqlı məqam odur ki, ornamentlər elə qurulub ki, abidəyə müxtəlif tərəflərdən baxdıqda fərqli naxış kompozisiyaları müşahidə olunur. Ornamentlərin təkrarlanması yalnız abidəyə yaxından baxdıqda daha aydın görünür.

Bu bəzək sistemi Gülüstan türbəsini sadəcə memorial tikili deyil, həm də orta əsr daş memarlığının bədii nümunəsi kimi qiymətləndirməyə imkan verir.

Gülüstan türbəsinin ornamentləri Naxçıvan şəhərində yerləşən məşhur Möminə Xatun türbəsinin dekorativ elementləri ilə müəyyən oxşarlıq təşkil edir. Möminə Xatun türbəsi 1186-cı ildə Əcəmi Naxçıvani tərəfindən inşa edilib və Naxçıvan memarlıq məktəbinin ən məşhur əsərlərindən biridir. Gülüstan türbəsindəki həndəsi ornamentlərin bu abidə ilə müqayisəsi onun Naxçıvan memarlıq ənənəsi ilə əlaqəsini araşdırmaq baxımından böyük əhəmiyyət daşıyır.

Gülüstan türbəsinin digər diqqətçəkən xüsusiyyətlərindən biri onun tünd qırmızı tuf daşından inşa edilməsidir. Bu daş abidəyə xüsusi rəng və görünüş verir. Tikinti texnikası, daşların işlənməsi və dekorativ elementlərin yerləşdirilməsi türbənin yüksək memarlıq sənətkarlığı ilə yaradıldığını göstərir.

Əsrlər boyu təbii təsirlər və müxtəlif tarixi proseslər nəticəsində abidənin müəyyən hissələri zədələnmişdi və türbə 2015-ci ildə bərpa edildi.

Gülüstan türbəsi Naxçıvana gələn turistlərin marağına səbəb olan tarixi məkanlardan biridir. Bunun isə əsas səbəbi abidənin yalnız qədim olduğu üçün deyil, Araz çayının sahilində yerləşməsi, türbənin üzərində həndəsi naxışları və ornamentlərinin olmasıdır.

Türbə Gülüstan kəndinin yaxınlığında, Culfa istiqamətində yerləşir. Abidənin yerləşdiyi ərazi Naxçıvanın orta əsr memarlıq irsini, xüsusilə Naxçıvan memarlıq məktəbinin inkişafını öyrənmək baxımından da əhəmiyyət daşıyır. Gülüstan türbəsi Naxçıvanın orta əsrlərdən günümüzə gəlib çatan maraqlı memarlıq nümunələrindən biridir.

Gülüstan türbəsi yalnız bir məzar abidəsi kimi deyil, Naxçıvan memarlıq məktəbinin sənətkarlıq ənənələrini, orta əsr daş işləmə texnikasını və Azərbaycan memarlığının yüksək estetik səviyyəsini əks etdirən mühüm tarixi-mədəni irs nümunəsi kimi qiymətləndirilə bilər.