"44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi uğur, təbii ki, təkcə regionumuz və ölkəmiz üçün deyil, beynəlxalq kontekstdə tamamilə başqa bir reallıq yaradan uğur oldu. Əbəs yerə deyil ki, Azərbaycan müharibəni udduqdan sonra onun əlini-qolunu erməni məsələsi ilə məhdudlaşdırmağa çalışan işğalçı Ermənistan və onun havadarları Azərbaycanın bu gücü, bu istəyi qarşısında tab gətirə bilmədilər. Beləliklə də, biz torpaqlarımızı işğaldan azad etdikdən sonra ölkəmizin potensialı, gücü o qədər artdı ki, Azərbaycan orta güc ölkəsi kimi meydana çıxmağa, özünü təqdim etməyə başladı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, üstəlik, Azərbaycan təkcə regionda, Qafqazda deyil, böyük Avrasiya regionunda qlobal gündəmin formalaşmasına öz töhfəsini və təsirini göstərməyə başladı: "Siz fikir versəniz, 2020-ci ildən sonra ölkəmizə olan münasibət beynəlxalq dərəcədə, beynəlxalq səviyyədə dəyişdi. Dostlarımızın, təbii ki, müttəfiqlərimizin bizə rəğbəti artdı. Düşmənlərimizin, bizim uğurlarımızı həzm edə bilməyənlərin isə iç üzü ifşa olundu, bir daha özlərini ifşa etdilər.
Məsələn, Azərbaycan torpaqlarımızı yenidən işğaldan azad etdikdən sonra sanki beynəlxalq haqq-ədalətin carçısına çevrildi. Qoşulmama Hərəkatına sədrliyi, beynəlxalq tədbirlər, COP29, WUF13 Vətən müharibəsi ilə bağlı tədbirlər, Azərbaycanın böyük Avrasiya regionunda aktiv siyasəti, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın apardığı siyasətin yeni aspektləri, bundan əlavə, Avropa İttifaqı ilə, Çinlə və müəyyən digər güc mərkəzləri ilə bərabər səviyyəli tərəfdaşlıq və əməkdaşlıq öz yerində. Bir də Avropa İttifaqının bəzi güc mərkəzlərində Azərbaycanın yaratdığı reallıqlardan dolayı ölkəmizə yanaşması dəyişdi.
Təbii ki, bizimlə hegemonluq dilində, diktə dilində danışanlar Azərbaycanın yaratdığı reallığı qəbul etmək məcburiyyətindədirlər. Xüsusilə də onu qeyd etməliyik ki, düşmənlər, təbii ki, bundan, Azərbaycana qarşı olan dairələr bundan çox narahatlıq keçirirlər.
Azərbaycanlı olaraq torpaqlarımızı işğaldan azad etdikdən sonra bizə qarşı öz iç üzlərini tamam açıb göstərən Avropa Şurası Parlament Assambleyası, məsələn, artıq fəaliyyətimizi, bizim gücümüzü həzm edə bilmədi. İş o yerə gəlib çatdı ki, biz AŞPA-da onların bu ədalətsiz mövqeyinə reaksiya olaraq öz fəaliyyətimizi orada dayandırdıq.
Avropa Parlamentinin ölkəmizə qarşı kampaniyaları, qəbul etdiyi sənədlərin intensivliyi, aqressivliyi artdı. Sanki onlar bu münaqişənin daimi olmasını, ermənilərin torpaqlarımızı işğal altında saxlamasını artıq açıq-aşkar istədiklərini belə ifşa edərək öz iç üzlərini ortaya qoydular. Yəni 2020-ci ildən sonra bizə qarşı AŞPA-nın, Avropa Parlamentinin və digər Avropa ermənipərəst institutların mövqeyi açıldı, necə deyərlər, maskaları yırtıldı.
Dostlarımız isə, təbii ki, Azərbaycanın beynəlxalq səviyyədə uğurlarına sevinirlər, rəğbət göstərirlər. Ona görə də bu gün Avropa İttifaqında, məsələn, 27 ölkədən 10 Avropa ölkəsi Azərbaycanla ayrıca strateji müqavilələr imzalamışdır. Bu gün Çinlə və Cənub-Şərqi Asiya ilə münasibətlərimiz çox güclü inkişaf edir, Türk Dövlətləri Təşkilatı və s.
Ona görə də bu müharibənin başa çatması ilə Cənubi Qafqazı necə ki, biz sülh platformasına çevirdik, qarşıdurma platformasını ləğv etdik. Bu, Azərbaycanın gücünü göstərir. Amma Azərbaycana qarşı Cənubi Qafqazda yenidən qarşıdurma yaratmaq istəyən qüvvələr, Fransa olsun, Avropa İttifaqındakı ermənipərəst dairələr olsun, anlamalıdırlar ki, Azərbaycan öz qırmızı xəttindən, öz mövqeyindən geri çəkilməyəcək.
Biz bunu artıq 44 günlük müharibədə həm müharibə meydanında sübut etdik, həm də siyasi-diplomatik meydanda sübut etdik. ATƏT-in Minsk qrupu həmsədrləri kimi dünyanın üç əsas böyük ölkəsi qarşısında biz geri durmadıq və cənab Prezidentin rəhbərliyi altındakı diplomatiyamız öz uğurlu nəticəsini hərbi meydanda verdiyi kimi, siyasi-diplomatik meydanda da göstərdi".