“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilir

21 Sentyabr 2026 14:14 (UTC+04:00)

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilir.

SİA xəbər verir ki, seminarda qədim və orta əsrlər tarixinin öyrənilməsi, tarixi mənbələrin əhəmiyyəti, Qafqaz Albaniyasının irsi, eləcə də “Azərbaycan” adının tarixi ilə bağlı məsələlər müzakirə olunur.

Tədbirdə “Azərbaycan” adının yalnız müasir Azərbaycan Respublikasının siyasi sərhədləri ilə məhdudlaşdırılmasının tarixi baxımdan düzgün olub-olmaması məsələsinə də diqqət yetirilir. Qeyd olunur ki, “Azərbaycan” adı və anlayışı müasir Azərbaycan Respublikasının yaranmasından xeyli əvvəl mövcud olub. Tarixi mənbələrdə bu adın müxtəlif dövrlərdə Atropatena, Adərbadaqan, Adərbican və Azərbaycan kimi formalarına rast gəlinir.

Seminarda vurğulanır ki, tarixi ərazilərin və anlayışların müasir siyasi sərhədlərlə avtomatik eyniləşdirilməsi düzgün metodoloji yanaşma hesab edilə bilməz. Müasir Azərbaycan Respublikası ilə İranın şimal-qərbində yerləşən Azərbaycan vilayətinin tarix boyu eyni siyasi dövlətin tərkibində olması barədə ümumiləşdirilmiş nəticələr çıxarmaq da doğru deyil. Müxtəlif tarixi dövrlərdə bu ərazilər fərqli siyasi qurumların tərkibində olub.

Tədbirdə Atropatena ilə bağlı tarixşünaslıq məsələləri də müzakirə olunur. Bildirilir ki, Atropat e.ə. IV əsrin sonlarında həmin ərazidə dövlət qurub və bu dövlət Atropatena adlandırılıb. “Azərbaycan” adının Atropatena ilə əlaqələndirilməsi tarixşünaslıqda geniş yayılmış izahlardan biridir. Bununla yanaşı, adın etimologiyası ilə bağlı müxtəlif nəzəriyyələr də mövcuddur.

Seminarda tarix elminin əsas prinsiplərindən biri kimi ilkin mənbələrin əhəmiyyəti xüsusi vurğulanır. Bildirilir ki, tarixi hadisələrin qiymətləndirilməsində hadisənin baş verdiyi dövrə aid yazılı mənbələr, kitabələr, sənədlər, arxeoloji materiallar və digər ilkin məlumatlar əsas götürülməlidir.

Məsələn, Makedoniyalı İsgəndərin dövrü ilə bağlı hər hansı dövlətin və ya siyasi qurumun mövcudluğu barədə fikir irəli sürülərkən həmin iddianın dövrə aid etibarlı mənbələrlə təsdiqlənməsi mühüm əhəmiyyət daşıyır. Sonrakı əsrlərdə yazılmış tarixşünaslıq əsərlərinin ilkin mənbələrlə eyni səviyyədə qiymətləndirilməsi isə mənbəşünaslıq baxımından doğru yanaşma sayılmır.

Tədbirdə həmçinin qeyd olunur ki, qədim dövrlərə aid arxeoloji materiallarda sonrakı əsrlərdə formalaşmış etnonim və siyasi terminlərin olduğu kimi axtarılması metodoloji baxımdan düzgün deyil. Hər hansı xalqın, dövlətin və ya siyasi qurumun hansı dövrdə mövcud olduğunu müəyyənləşdirmək üçün həmin dövrün yazılı, arxeoloji və digər mənbələri kompleks şəkildə araşdırılmalıdır.

Azərbaycan ərazisinin müxtəlif tarixi mərhələlərdə müxtəlif imperiyaların və dövlətlərin hakimiyyəti altında olması da onun tarixinin yalnız həmin siyasi qurumların tarixi kimi təqdim edilməsinə əsas vermir. Müxtəlif dövrlərdə bölgədə farsdilli siyasi və mədəni təsirin mövcudluğu ayrıca tarixi proses kimi araşdırılmalıdır.

Seminarda müxtəlif tarixşünaslıq konsepsiyalarının mənbələr əsasında qiymətləndirilməsinin vacibliyi də vurğulanır. Hər hansı konsepsiyanın müəyyən dövrdə irəli sürülməsi onun qədim dövrlərə aid ilkin tarixi fakt olduğunu göstərmir. Bu baxımdan, həmin konsepsiyanın hansı mənbələrə əsaslandığı, mənbələrin yaranma tarixi, müəllifi və hadisələrə yaxınlığı, eləcə də digər müstəqil mənbələrlə təsdiqlənməsi araşdırılmalıdır.

Beləliklə, tarixlə bağlı mübahisəli məsələlərdə əsas meyarın hər hansı iddianın kim tərəfindən səsləndirilməsi deyil, həmin iddianın hansı etibarlı mənbələrlə təsdiqlənməsi olduğu diqqətə çatdırılır.