Qafqaz Albaniyası xristian irsinin erməni irsi kimi təqdim edilməsi cəhdlərinin tarixi və beynəlxalq hüquqi əsası yoxdur.
SİA xəbər verir ki, bu barədə deputat Tural Gəncəliyev danışıb.
.jpg)
Çıxış zamanı Qafqaz Albaniyası xristian irsinin Azərbaycan tarixinin ayrılmaz hissəsi olduğu və Qafqaz Albaniyası xristian sivilizasiyasının dünya sivilizasiyasına verdiyi töhfələrin tarixi faktlarla sübut edildiyi qeyd olunub:
“Ermənistan təbliğat maşını Qafqaz Albaniyasının xristian sivilizasiyası olmasından istifadə edərək onu erməni sivilizasiyası kimi təqdim etməyə çalışır. İşğal dövründə Qafqaz Albaniyasının irsinin erməni kilsəsi və erməni xristianlığı adı altında təqdim edilməsinə cəhdlər göstərildiyi vurğulanıb.
1954-cü il UNESCO-nun Mədəni mülkiyyət haqqında Konvensiyasına da istinad edilib. Qeyd olunub ki, konvensiyaya əsasən, hər hansı ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində yerləşən mədəni mülkiyyət, o cümlədən müxtəlif dinlərə aid abidələr, kilsələr, məbədlər və məscidlər həmin ölkənin mədəni mülkiyyəti hesab edilir.
Bildirilib ki, Azərbaycan ərazisində erməni kilsələri ilə yanaşı, məscidlər, sinaqoqlar və pravoslav kilsələri də mövcuddur. Onların mövcudluğu həmin abidələrin başqa dövlətlərə və ya dinlərə məxsus olması anlamına gəlmir.
Çıxış zamanı Ermənistan tərəfinin başqa ölkələrin ərazisində yerləşən abidələrlə bağlı iddialar irəli sürməzdən əvvəl beynəlxalq hüququn əsaslarını və müvafiq konvensiyaları nəzərdən keçirməsinin vacibliyi vurğulanıb.
Həmçinin qeyd olunub ki, Qərbdə Ermənistanın bu mövzudan istifadə edərək Qafqaz Albaniyasının xristian irsi ətrafında emosional yanaşmalar formalaşdırmağa çalışdığı bildirilib. Ermənistanın Cənubi Qafqazda xristian sivilizasiyasının İslam tərəfindən təhdid altında olması ilə bağlı təqdimatlar etdiyi və bəzi Qərb siyasətçilərinin və qrupların bu yanaşmanın təsiri altında qaldığı ifadə olunub.
Çıxışda bildirilib ki, məsələyə tarixi və mənəvi aspektlərlə yanaşı, ilk növbədə hüquqi aspektdən yanaşılır. Qeyd olunub ki, tarixi və digər amillər Azərbaycan tərəfinin mövqeyini gücləndirir.
Sonda Qafqaz Albaniyası xristian sivilizasiyasının mənimsənilməsi və erməni mirası kimi təqdim edilməsi səylərinin revanşizmin bir detalı kimi nəzərdən keçirilməli olduğu bildirilib. Ermənistanın bu istiqamətdə irəli sürdüyü iddiaların tarixi, beynəlxalq hüquqi və mənəvi əsaslara söykənmədiyi qeyd olunub”.
Ayşən Vəli