"Beynəlxalq təşkilatların və müxtəlif ölkələrin nümayəndələrinin, diplomatlarının Azərbaycanın Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərinə səfəri və o səfər zamanı Ermənistan dövlətinin saxta kompaniyasının sənədlərinin elan olunması, aşkar olunması, xarici dövlət nümayəndələrinə, beynəlxalq təşkilatların nümayəndələrinə bu haqda məlumat verilməsi gözlənildiyi kimi Ermənistanda müəyyən dairələrdə reaksiya yaradıb". Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.
Onun sözlərinə görə, əslində, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bütün ərazilərin üzərində suverenliyini bərpa etdikdən sonra Azərbaycanın Ermənistana da, digər dövlətlərə də, beynəlxalq təşkilatlara da təklifi, müraciəti bu idi ki, artıq regionun gələcəyinə daha müsbət yanaşmaq lazımdır: "Regionda indiyə qədər, xüsusilə Ermənistanın işğalçılıq siyasətindən qaynaqlanan dağıdıcı fəaliyyətlər başa çatmalıdır. Regionda sülh və əməkdaşlıq mühiti formalaşdırılmalıdır və Azərbaycan bunun üçün töhfə verməyə hazırdır.
Nəinki töhfə verməyə, Azərbaycan konkret ideyalar irəli sürür, bu ideyaların reallaşdırılması üçün resurs ayırır və Ermənistandan da gözlənilən, eləcə də Ermənistanı dəstəkləyən dövlətlərdən gözlənilən əslində o əvvəlki dövrə aid yalançı, dağıdıcı siyasətdən uzaqlaşmaq, tarixi saxtalaşdırmaq, qonşularla müxtəlif əsassız ittihamlar irəli sürmək strategiyasından uzaqlaşmaq, normal beynəlxalq hüququn prinsiplərinə əsaslanan mehriban qonşuluq münasibətlərinə üstünlük vermək olmalı idi.
Amma təəssüf ki, bilirik ki, həm Ermənistandakı müəyyən dairələr – buna Ermənistan hakimiyyətindəki dairələr də daxildir, ictimai mühitdəki dairələr də daxildir, iqtisadi sektordakı müəyyən dairələr də daxildir – həm də Ermənistandakı bütün bu dairələr, həm də Ermənistandan regiondakı məqsədlərə çatmaq üçün alət kimi istifadə etmək istəyənlər buna normal yanaşmanın yerləşməsinə imkan vermirlər.
Azərbaycan, baxmayaraq ki, ərazilərini işğaldan azad etdikdən sonra qüdrətli dövlət kimi, Cənubi Qafqazın lider dövləti kimi daha artıq da nəsə edə bilərdi Ermənistanla bağlı, amma bunu etmir. Regionla bağlı Azərbaycanın gözləntisi sadəcə region sülh və əməkdaşlıq regionu olsun, regionda sülh, dayanıqlı sülh olsun. Bu dayanıqlı sülhdə hansısa bir dövlətin, o cümlədən Ermənistanın hansısa revanşist meyillərə müraciət etməsinə imkan qalmasın və Ermənistan ümumiyyətlə bu barədə düşünməsin ki, regiondakı bütün dövlətlər regionun gələcəyini aydın görə bilsinlər.
Azərbaycanın yanaşması budur. Amma Azərbaycanın bu yanaşmasına baxmayaraq, Ermənistan həm ümumiyyətlə sülhə gedən yolu mümkün qədər yavaşladır, o yolda hərəkəti mümkün qədər yavaşladır. Təbii ki, Ermənistan tərəfində də müəyyən müsbət meyillər var, amma ümumi götürəndə o arzuolunan səviyyədə deyil.
Azərbaycan istəyir ki, əvvəlki illərdə Ermənistanın apardığı yalançı təbliğat, Ermənistana dəstək verən dövlətlərin, hansı ki Ermənistandan alət kimi istifadə etmək istəyirlər, onların uydurma faktlar yaratmağa çalışdıqları saxta beynəlxalq ictimai rəy ortadan qalxsın. Regionun həm tarixi reallığını, həm beynəlxalq hüquqa əsaslanan reallığı, həm də bugünkü real vəziyyəti daha aydın şəkildə dünyaya çatdırsın.
Buna qarşı da dərhal reaksiyalar təşkil olunur. Sadəcə bu son dövrdə Ermənistandakı müəyyən dairələrin reaksiyaları belə göstərir ki, Ermənistanın bir çox dairələrinin sülhə yanaşması və sülh prosesinə yanaşması çox səmimi deyil və regiondakı sülhün, əməkdaşlıq mühitinin dayanıqlılığı ilə bağlı şübhələr yaradır.
Azərbaycanın Ermənistandan tələbi var: dövlətlər ərazi bütövlüyünü tam tanısınlar, bir-birinə qarşı heç bir iddia irəli sürməsinlər. O cümlədən Ermənistan Konstitusiyasında zəruri dəyişikliklər olsun. Bununla bağlı bu son proseslər bir daha sübut edir ki, Azərbaycan həmin o mövqeyində tamamilə haqlıdır".