"Dünya siyasətində beynəlxalq hüququn əvvəlki nüfuzunu itirdiyi, beynəlxalq münasibətlərdə güc amilinin daha çox ön plana çıxdığı barədə fikirlər səslənir. Hazırda dünyada baş verən hadisələr də göstərir ki, beynəlxalq hüququn tətbiqi ilə bağlı ciddi problemlər mövcuddur".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
_(1).jpg)
Onun sözlərinə görə, belə bir şəraitdə eyni soydan olan xalqların öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün daha sıx əməkdaşlıq etməsi vacibdir:
"Bu baxımdan Türk Dövlətləri Təşkilatının formalaşması, üzv dövlətlərin bir çox məsələlərdə ortaq mövqedən çıxış etməsi və gələcəkdə təşkilatın daha da gücləndirilməsi istiqamətində görülən işlər əhəmiyyətlidir. Hesab edirəm ki, Türk dövlətlərinin birliyinin müxtəlif sahələrdə gücləndirilməsi onların beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə imkan verə bilər.
Türk Dövlətləri Təşkilatında mənəvi, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində inteqrasiyanın dərinləşdirilməsi istiqamətində proseslər gedir. Bəzən bu proses “Turan ittifaqı” ideyası ilə əlaqələndirilir. Bunun üçün ilk növbədə Türk Dövlətləri Təşkilatının institusional imkanlarının genişləndirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi vacibdir.
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycan Prezidentinin Türk dövlətlərinin təhlükəsizliyinin qorunması, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi və hərbi sahədə inteqrasiyanın vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər də bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini göstərir.
Son dövrdə Türk Dövlətləri Təşkilatının dini, təhlükəsizlik və digər strukturlarının toplantılarının keçirilməsi də təşkilat daxilində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndiyini göstərir. Dini liderlər və ağsaqqallarla görüşlər mənəvi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda təhlükəsizlik qurumlarının bir araya gəlməsi də xüsusi əhəmiyyət kəsb edir. Dünyada müxtəlif təxribatlar, terror təhlükələri və separatizm meyillərinin mövcud olduğu bir şəraitdə təhlükəsizlik qurumları arasında qarşılıqlı informasiya mübadiləsinin aparılması, mümkün təhdidlərin qabaqcadan müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində əməkdaşlığın gücləndirilməsi vacibdir.
Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təhlükəsizlik qurumlarının bir araya gəlməsi və ortaq platformalarda əməkdaşlıq imkanlarını müzakirə etməsi təşkilat daxilində təhlükəsizlik sahəsində əlaqələrin inkişafına xidmət edə bilər.
İqtisadi inteqrasiya istiqamətində də mühüm proseslər gedir. Üzv dövlətlər arasında qarşılıqlı sərmayələrin artırılması, çoxtərəfli və ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi bu baxımdan diqqət çəkir.
Siyasi inteqrasiyanın gücləndirilməsi də qarşıda duran məsələlərdəndir. Ortaq parlament, ortaq təhlükəsizlik konsepsiyası və digər institusional mexanizmlərin yaradılması ilə bağlı ideyalar müxtəlif platformalarda müzakirə olunur. Bu təşəbbüslərin həyata keçirilməsi isə üzv dövlətlərin siyasi iradəsindən və əldə ediləcək razılaşmalardan asılıdır.
Dünyada geosiyasi gərginliklərin və təhlükəsizlik problemlərinin artdığı bir dövrdə Türk dövlətləri arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi əhəmiyyətlidir. Ayrı-ayrı qurumların mütəmadi görüşlərinin keçirilməsi, ortaq mövqelərin müzakirə edilməsi və qarşılıqlı əməkdaşlıq mexanizmlərinin yaradılması təşkilatın inkişafına təsir göstərə bilər.
Azərbaycan bu prosesdə mühüm rol oynayan dövlətlərdən biridir. Azərbaycanın Türkiyə ilə yanaşı, Mərkəzi Asiya dövlətləri ilə də sıx əlaqələri mövcuddur. Bu baxımdan Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya arasında mühüm əməkdaşlıq platformalarından biri kimi çıxış edir. Türk Dövlətləri Təşkilatının müxtəlif struktur və tədbirlərinin Azərbaycanda keçirilməsi də ölkənin təşkilat çərçivəsində fəal iştirakını göstərən amillərdəndir.
Hesab edirəm ki, Türk dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün dövlətlərin müvafiq qurumlarının mütəmadi şəkildə bir araya gəlməsi, ortaq konsepsiyaların hazırlanması və konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması vacibdir.
Bu baxımdan Azərbaycan Prezidentinin Türk dövlətlərinin təhlükəsizlik qurumlarının rəhbərləri ilə keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələrin əhəmiyyətini göstərir. Gələcəkdə digər sahələr üzrə də belə görüşlərin keçirilməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə imkan yarada bilər".