Qafqaz Albaniyası: Azərbaycan dövlətçilik və mədəni irsinin mühüm parçası - TARİXÇİ

21 Sentyabr 2026 12:33 (UTC+04:00)

"İlk növbədə, qeyd etmək lazımdır ki, Qafqaz Albaniyası (e.ə. IV əsr – b.e. VIII əsrin əvvəli) Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində müstəsna yerə malikdir. Bundan əlavə, Qafqaz Albaniyası Azərbaycan xalqının etnogenezinin təşəkkülündə, maddi-mədəni irsinin inkişafında birbaşa iştirak etmişdir". Bu sözləri SİA-ya açıqlamasında AMEA – nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev deyib.

Onun sözlərinə görə, bir məsələni xüsusilə vurğulamalıyıq ki, Qafqaz Albaniyası böyük coğrafi ərazini əhatə edirdi: "Belə ki, müasir Azərbaycan Respublikasının bəzi bölgələri ilə yanaşı, tarixi Azərbaycan torpaqları Zəngəzur, Göyçə gölü ətrafı, Dağıstanın cənub hissəsini və Dərbənd şəhərini öz əhatəsinə alırdı.

Antik müəlliflərin, o cümlədən Strabonun verdiyi məlumatlara görə, Qafqaz Albaniya dövlətinin etnik mənsubiyyəti müxtəlif tayfa ittifaqlarından təşəkkül tapırdı. Bunlar arasında uti, qarqar, qel, kaspi, qat, hər və s. kimi 26 qədim tayfanın birləşdiyi böyük tayfa ittifaqları iştirak edirdi. Qafqaz Albaniyasının yerli və avtoxton xalqları arasında türkmənşəli tayfalar fəal iştirak edirdi. Başqa ifadə ilə desək, Qafqaz bölgəsinin etnik mənsubiyyətinin formalaşmasında türk amili güclü idi. Eramızdan əvvəl bu coğrafiyanın ictimai-mədəni və siyasi proseslərində fəal iştirak edən qıpçaq, xəzər, barsil, onoğur, bulqar, hun və sairə türkmənşəli tayfalar dediklərimizə əyani sübutdur.

Erkən orta əsr qaynaqlarında Cənubi Qafqazda türklərin əhəmiyyətli rolu haqqında kifayət qədər məlumatlar vardır. Mənbələrin verdiyi məlumatlara görə, V–VII əsrlərdə bu coğrafiyada türkmənşəli tayfa ittifaqları aparıcı mövqeyə malik idi. Bu haqda ərəb mənbələrində də maraqlı məlumatlara rast gəlmək olar. VIII əsr ərəb mənbələrində “Azərbaycan qədimdən türklərin ölkəsidir” kimi fikirlərə rast gəlmək mümkün idi.

Qafqaz Albaniyasının etnik mənsubiyyəti haqqında əsas qaynaqlardan biri də heç şübhəsiz ki, Musa Kalankatuklunun müəllifi olduğu “Alban tarixi” əsəridir. Albaniya dövlətinin qüdrətli hökmdarlarından biri olan Cavanşirin sifarişi ilə yazılan bu əsərdə VII–VIII əsrlərdə Azərbaycan ərazisində cərəyan edən hadisələr haqqında dolğun və zəngin məlumatlar verilir. Həmin dövrün müasiri olmuş Kalankatuklu türk tayfalarının Qafqazda əsas söz sahibi olduğunun canlı şahidi olmuş, öz əsərində onların sosial-iqtisadi, siyasi tarixi və səciyyəvi cəhətləri haqqında ətraflı məlumatlar vermişdir.

Alban irsinin tədqiqi istiqamətində aparılan arxeoloji qazıntılar bir sıra tarixi mövzular, ələlxüsus, bu coğrafiyanın etnogenez məsələsi haqqında maraqlı informasiyalar verir. Əvvəla, qeyd etmək lazımdır ki, Alban tarixinə aid bəzi şəhərlərdə aparılan qazıntılar bu mədəniyyətin daha əvvəlki tarixi maddi-mədəni irsin inkişafının davamı olaraq yarandığını sübut edir. Qəbələ, Mingəçevir, Ağstafa, Mil düzü və Dərbənd şəhərlərində aparılan arxeoloji tədqiqatlar və tədqiqatlar nəticəsində aşkarlanmış eksponatlar bir daha göstərir ki, bu coğrafiyanın aborigen və qurucu xalqı Azərbaycan xalqıdır.

Təəssüflə qeyd etməliyik ki, işğal dövründə ermənilər tərəfindən yüzlərlə Alban maddi-mədəni irsinə aid abidələr vandalizmə məruz qalmışdır. Bu abidələr ya təhrif edilərək erməniləşdirilmiş, ya da tamamilə məhv edilmişdir. İki əsrdən çoxdur ki, ən müxtəlif üsul və metodlardan istifadə edilərək Alban kilsələri erməniləşdirilərək tarixi mahiyyətinin dəyişdirilməsinə cəhdlər edilmişdir. Azərbaycan xristian irsinə aid tikililərin interyerinə və xarici fasadlarına Alban kilsəsinə yad olan müxtəlif heyvan fiqurları və erməni yazıları artırılıb. Belə ki, hər iki monastırın müxtəlif yerlərinə Alban memarlıq üslubuna yad olan erməni-qriqoryan xaçları (xaçdaşlar) və erməni dilində yeni yazılar əlavə edilmişdir. Əlavə edilmiş xaçdaşlara və yazılara baxanda bunların yeni olduğu məlum olur. Aydın olur ki, əlavə edilmiş xaçlar və yazılar Suriyadan və digər ölkələrdən gətirilmişdir. Əlbəttə, bu cəhdlər Azərbaycan torpaqlarında saxta erməni tarixini yaratmaq məqsədini güdür. Ümumiyyətlə, abidələrin tarixi mahiyyətini və həqiqətini saxtalaşdırmaq bir o qədər də asan məsələ deyil.

Sonda qeyd edə bilərik ki, Ermənistanın işğalı nəticəsində Qarabağda dağıdılan Alban mədəni irsi təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətə aiddir. İşğal dövründə törədilmiş vandalizm cinayətləri bəşər mədəniyyətinə qarşı təcavüzdür.