Maaş artımı insanların real gəlirlərinin və alıcılıq qabiliyyətinin artması deməkdirmi? - SOSİOLOQ AÇIQLADI

21 Sentyabr 2026 12:22 (UTC+04:00)

"Maaşların artırılması hər zaman əhalinin sosial rifahının yüksəlməsi, real gəlirlərinin və alıcılıq qabiliyyətinin artması anlamına gəlmir. Sosial rifahı qiymətləndirərkən yalnız nominal maaş artımına deyil, eyni zamanda inflyasiya səviyyəsinə, alıcılıq qabiliyyətinə, bazarda qiymətlərin dinamikasına və insanların gündəlik xərclərinə kompleks şəkildə baxmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Nominal gəlir insanın aldığı məvacibin pul ifadəsində olan məbləğidir. Məsələn, maaş 1000 manatdan 1200 manata qalxıbsa, nominal maaşın 20 faiz artdığını deyə bilərik. Real gəlir isə həmin pulla nə qədər mal və xidmət almağın mümkün olduğunu göstərir. Məsələn, maaş 1000 manatdan 1200 manata yüksəlib, eyni müddətdə qiymətlər də orta hesabla 20 faiz artıbsa, nominal olaraq maaş 200 manat artmasına baxmayaraq, həmin 1200 manatın alıcılıq qabiliyyəti əvvəlki 1000 manatın alıcılıq gücünə təxminən bərabər olur.

Deməli, burada əsas məsələ yalnız maaşın neçə manat artması deyil, həmin artımdan sonra vətəndaşın nə qədər mal və xidmət ala bilməsidir.

İnflyasiyanın maaş artımını hansı hallarda neytrallaşdırmasına gəlincə, əgər maaş artımı qiymət artımından aşağıdırsa, vətəndaşın real alıcılıq qabiliyyəti azalır. Əgər maaş artımı inflyasiya ilə təxminən eyni səviyyədədirsə, nominal maaş yüksəlsə də, real alıcılıq qabiliyyətində ciddi dəyişiklik olmaya bilər. Maaş artımı inflyasiyanı üstələdikdə isə, digər şərtlər sabit qalmaqla, vətəndaşın real gəliri artır.

Lakin burada başqa mühüm məqam da var.Rəsmi inflyasiya göstəricisi ilə ayrı-ayrı ailələrin gündəlik həyatda hiss etdiyi qiymət artımı eyni olmaya bilər. Çünki hər bir ailənin xərclərinin strukturu fərqlidir. Ərzaq, kirayə, kommunal xidmətlər, nəqliyyat, təhsil və digər zəruri xərclərin qiymətləri daha sürətlə artarsa, vətəndaş maaş artımını gündəlik həyatında real olaraq hiss etməyə bilər.

Bu baxımdan sadə bir sual vermək kifayətdir. Maaşım artdıqdan sonra ayın sonunda əvvəlkindən daha çox pul qalırmı? Əvvəl ala bildiyim mal və xidmətlərin eyni miqdarını indi daha rahat ala bilirəmmi? Məsələn, maaş 20 faiz artıb, lakin ərzaq, kirayə, kommunal, nəqliyyat və digər əsas xərclər birlikdə daha sürətlə yüksəlibsə, kağız üzərində maaş artmış olsa da, ailənin real iqtisadi vəziyyəti yaxşılaşmaya bilər.

Bəs vətəndaş öz gəlirinin real olaraq artıb-artmadığını necə müəyyən edə bilər?

Bunun üçün ilk növbədə maaş artımının faizini inflyasiya ilə müqayisə etmək lazımdır. Daha sonra ailənin əsas xərclərinin əvvəlki dövrlə müqayisədə nə qədər dəyişdiyinə baxılmalıdır. Əgər maaş artımından sonra vətəndaşın sərəncamında daha çox vəsait qalırsa və həmin vəsaitlə əvvəlkindən daha çox mal və xidmət almaq mümkündürsə, bu, real gəlirin və alıcılıq qabiliyyətinin artmasına işarədir. Əksin maaş nominal olaraq artsa da, qiymətlərin və gündəlik xərclərin artımı bu yüksəlişi üstələyirsə, vətəndaş həmin artımı real rifah kimi hiss etməyə bilər.

Bu səbəbdən “maaş artdı” ilə “vətəndaşın rifahı artdı” eyni anlayış deyil. Maaş artımının real nəticəsini qiymətləndirmək üçün gəlirin artımını qiymətlərin dəyişməsi, inflyasiya və ailənin gündəlik xərcləri ilə birlikdə təhlil etmək lazımdır. Əsl göstərici təkcə əməkhaqqının rəqəmi deyil, həmin əməkhaqqının vətəndaşa verdiyi real imkanlardır".