“Alban irsi ilə bağlı müzakirələrdə tarixi faktlar əsas götürülməlidir” - Fərid Şəfiyev

21 Sentyabr 2026 11:46 (UTC+04:00)

“Qafqaz Albaniyası ilk növbədə tarixi məsələdir. Biz onun siyasiləşdirilməsinə imkan verməməliyik. Lakin qarşı tərəf bu məsələni siyasiləşdirirsə, buna bizim tərəfdən də qəti və əsaslandırılmış cavab verilməlidir”.

SİA xəbər verir ki, bu barədə BMTMM-in İdarə Heyətinin sədri dr. Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Qarabağ səfərindən və alman kilsələrinə ziyarətdən sonra Ermənistan tərəfi, o cümlədən bəzi hökumət nümayəndələri, diaspora dairələri və Ermənistan ictimaiyyəti arasında bu məsələyə dair mənfi reaksiyalar müşahidə olunub.

F.Şəfiyev qeyd edib ki, müzakirənin əsas mövzusu Qafqaz Albaniyasının tarixinin özü deyil. Onun sözlərinə görə, məsələ bu irsin niyə müəyyən dairələr tərəfindən xüsusi şəkildə önə çıxarılması və onun siyasi müstəvidə təqdim edilməsidir.

BMTMM sədri bildirib ki, Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyinin və milli kimliyinin formalaşmasında mühüm rol oynayıb. O, Azərbaycan ərazisində müxtəlif dini-mədəni irs nümunələrinin mövcud olduğunu və ölkənin katolik, pravoslav, erməni kilsələri ilə yanaşı, alban kilsələrini də qoruduğunu vurğulayıb.

Onun sözlərinə görə, alban kilsələrinə dair müzakirələrdə tarixi məsələlərlə siyasi yanaşmaların bir-birindən fərqləndirilməsi vacibdir. F.Şəfiyev Qafqaz Albaniyası irsinə marağın bəzi dairələr tərəfindən tarixi və siyasi məsələlərlə əlaqələndirildiyini bildirib.

F.Şəfiyev həmçinin qeyd edib ki, münaqişənin başa çatmasından və sülh gündəliyinin formalaşmasından sonra Qafqaz Albaniyası məsələsinin yenidən gündəmə gətirilməsi ayrıca araşdırılmalıdır. O, Ermənistan cəmiyyətində radikal yanaşmaların hələ də mövcud olduğunu və bu məsələdə müxtəlif dairələrin təsirinin müşahidə edildiyini deyib.

BMTMM sədri əlavə edib ki, Qafqaz Albaniyası ilə bağlı elmi araşdırmalar genişləndirilməli və davam etdirilməlidir. Onun sözlərinə görə, məsələ siyasiləşdirildiyi halda Azərbaycanın mövqeyi qəti və əsaslandırılmış şəkildə ifadə olunmalıdır.