"Azərbaycan dövləti respublika kimi qurulduğu andan, yəni 1918-ci ildən üzü bəri Türk dünyasının inteqrasiyası üçün əlindən gələni edib. Hətta 1920-ci ildə Rusiyanın bizi yenidən işğal etməsinə baxmayaraq, Azərbaycan dövləti türk xalqlarının inteqrasiyası, Türk dünyası üçün çalışıb". Bu sözləri SİA-ya açıqlaması zamanı siyası şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, xüsusilə də Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə biz bu prosesin necə sürətləndiyini görmüşük: "Yəni o vaxtkı adı ilə respublikanın rəhbəri olan Heydər Əliyev əlindən gələni edirdi ki, Azərbaycan ortalıqda tək bir türk dövləti kimi, respublika kimi qalmasın. O, digər türk respublikaları ilə də çox gözəl münasibətlər qurmuş, inteqrasiya proseslərinə töhfə vermişdi.
İndi isə biz artıq 35 ildir müstəqilik. Azərbaycan da daxil olmaqla digər türk dövlətləri, təbii ki, belə bir əlverişli şəraitdə sakit otura bilməzdi. Ona görə də, xüsusilə Prezident İlham Əliyevin yorulmaz səyləri ilə Türk dünyasının daha sıx inteqrasiyası üçün addımlar atılır.
Yəni biz son günlər Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində gələn nümayəndə heyətlərini qəbul etdiyi zaman səsləndirdiyi fikirlərə diqqət yetirsək, görəcəyik ki, artıq Azərbaycan bu istiqamətdə çox qətiyyətli mövqedən çıxış edir.
Elə sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Təhlükəsizlik Şuraları rəhbərlərini qəbul edərkən çox maraqlı ifadə işlətdi. O dedi ki, türk cumhuriyyətlərinin hamısı bizim vətənimizdir. Yəni təkcə Azərbaycan deyil, təkcə ayrı-ayrı respublikalar deyil, bütün respublikaları Türk dövlətlərinin vətəndaşları öz vətəni hesab etməlidir.
Mənə elə gəlir ki, bundan açıq mesaj ola bilməzdi ki, Prezident İlham Əliyev bunu verdi. Ona qədər isə dəfələrlə o, çıxışlarında “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur” ifadəsini işlədib".