“Qafqaz Albaniyası ilə bağlı araşdırmaların sistemləşdirilməsinə ehtiyac var” - Rizvan Hüseynov

21 Sentyabr 2026 10:48 (UTC+04:00)

“Son 15 ildə həm Qafqazda, həm də xaricdə Qafqaz Albaniyası ilə bağlı bir sıra araşdırmalar aparılıb. Lakin bu tədqiqatların nəticələri hələ tam şəkildə akademik səviyyədə sistemləşdirilməyib və vahid elmi konsepsiya formalaşmayıb”.

SİA xəbər verir ki, bu sözləri tarixçi-alim Rizvan Hüseynov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, sovet dövrünün təsiri Qafqaz Albaniyası ilə bağlı tarixşünaslıqda müəyyən məsələlərin anlaşılmasına bu gün də təsir göstərir. Onun sözlərinə görə, həmin dövrdə Qafqaz Albaniyası tarixinin öyrənilməsi ilə bağlı xüsusi yanaşmanın formalaşdırıldığı barədə fikirlər mövcuddur.

R.Hüseynov qeyd edib ki, müasir Azərbaycan tarixşünaslığında da Qafqaz Albaniyasının tarixi ilə bağlı bir sıra məsələlər hələ konseptual şəkildə tam həllini tapmayıb. O, bu istiqamətdə yeni araşdırmaların aparılmasına və mövcud materialların yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Tarixçi-alim çıxışında Gəncəsər monastırı ilə bağlı məsələlərə də toxunub. O bildirib ki, Birinci Dünya müharibəsi ərəfəsində Çar Rusiyasının Baş Qərargahının tapşırığı ilə İosif Orbeli və bir qrup tarixçi-arxeoloqun Şərqi Anadolu və Qarabağ ərazilərində araşdırmalar apardığı barədə məlumatlar mövcuddur.

Onun sözlərinə görə, həmin fəaliyyətin həm elmi, həm də hərbi-strateji məqsədlərlə əlaqəli olduğu barədə yanaşmalar irəli sürülür. R.Hüseynov Gəncəsərin mümkün köç prosesi zamanı dini mərkəz kimi istifadə olunması ilə bağlı fikirlərin də mövcud olduğunu diqqətə çatdırıb.

R.Hüseynov əlavə edib ki, Birinci Dünya müharibəsinin nəticələri və regionda yaranan yeni siyasi reallıqlar bu proseslərin istiqamətinə ciddi təsir göstərib. Onun fikrincə, Qafqaz Albaniyası irsi ilə bağlı araşdırmalar dini və mədəni irslə yanaşı, regionun siyasi tarixinin öyrənilməsi baxımından da əhəmiyyət daşıyır.