Vardanyanın şou diplomatiyası və Ermənistanın insanlıq əleyhinə cinayətlərinin faktologiyası
Son dövrdə Rusiya vətəndaşlığından nümayişkaranə şəkildə imtina edərək Xankəndiyə gələn, özünü qanunsuz rejimdə "dövlət naziri" elan edərək separatizmi maliyyələşdirən, Azərbaycanın suverenliyinə və konstitusiya quruluşuna qarşı açıq fəaliyyət göstərən rusiyalı milyarder Ruben Vardanyanın məhkəmə prosesi ətrafında yaradılan ajiotaj beynəlxalq ikili standartların növbəti təzahürüdür. 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Ruben Vardanyan bu gün özünü "siyasi məhbus" və "humanitar xadim" kimi qələmə verməyə, beynəlxalq hüquq norma və prinsiplərinə istinad edərək növbəti şou düzəltməyə cəhd edir.
Təəssüf ki, beynəlxalq aləmdə və Qərb mediasında onun bu "iyrənc teatrı"na, qondarma "ariası"na züy tutan, separatizmi maliyyələşdirən bir şəxsi "sülhpərvər" kimi təqdim etməyə çalışan qüvvələr tapılır. Lakin faktlar və tarixi reallıqlar tamamilə başqa mənzərəni ortaya qoyur.
Vardanyan “fenomeni”: "Xeyriyyəçi" maskası altında separatçılıq və çirkli pullar
Ruben Vardanyanın Qarabağa gəlişi təsadüfi deyildi. O, çirkli pulların yuyulması ("Troika Laundromat" qalmaqalı) və qanunsuz maliyyə əməliyyatlarında adı hallanan bir fiqur kimi, öz maliyyə imperiyasını və imicini xilas etmək, eyni zamanda Cənubi Qafqazda xarici güclərin maraqlarını təmin etmək üçün Qarabağdakı qanunsuz rejimin başına gətirildi.
Vardanyan Qarabağda olduğu dövrdə Azərbaycanın mərkəzi hakimiyyəti ilə inteqrasiya tərəfdarı olan yerli erməniləri hədələyir, separatçı əhval-ruhiyyəni körükləyir, qanunsuz silahlı birləşmələrin təchizatını maliyyələşdirirdi. Bu, onun missiyasına daxil olsa da, bütün bəşəri, beynəlxalq qanunları görməzdən gəlmək, inkar etmək və özünün cinayətlərini ört-basdır etmək məqsədi güdürdü. Vardanyanın Kremlin tapşırıqlarını yerinə yetirməkdən başqa bir çıxış yolu yox idi. Ona görə yox ki, onu bu içə vadar edirdilər, əksinə Vardanyanın erməni olmasından istifadə edən Moskva ona separatçılığı xeyriyyəçilik pərdəsi altında məhz Qarabağda davam etdirməyi, bunun davamı olaraq Ermənistanda artıq ənənə sayılan Qarabağ kartı üzərindən hakimiyyəti ələ almağı, bu ölkəni davamlı olaraq köləlik zəncirində taxılı saxlamağı düşünürdü. Bu, əslində əvvəlcədən hazırlanmış böyük planın tərkib hissəsi və birinci mərhələsi idi.
Lakin hakimiyyət kürsüsünə qalxmaq yollarını Vardanyandan əvvəl təcrübədən keçirən və müsbət sonuca gətirmiş Qarabağ klanına aid iki prezident var idi. Növbəti şəxs isə özündən əvvəlkiləri əzib keçən və hakimiyyəti heç kimlə bölüşmək istəməyən “küçə müxalifətinin” yetişdirdiyi Paşinyan adlı biri idi. Vardanyanı “dqr”də “dövlət naziri” postunda yerini qızdırmamış dər-dəst edən qüvvələrə də tapşırıq İrəvandan gəlmişdi. Separatçılığı maliyyələşdirən, ona yenidən can vermək istəyən rusiyalı milyarderə pulları da kömək edə bilmədi. Vardanyan separatçıların nə qədər acgöz olduğunu hesablaya bilmədi və…
Bu gün Azərbaycanın humanizmindən, saxlanma şəraitinin şəffaflığından və hüquqi müstəvidə müdafiə olunmaq imkanlarından istifadə edən Vardanyan beynəlxalq təşkilatlara şikayətlər ünvanlayır, aclıq aksiyaları şousu qurur. Beynəlxalq hüququ tapdalayaraq başqa dövlətin ərazisində qanunsuz rejim quran birinin indi həmin beynəlxalq hüquqa sığınması riyakarlığın son həddidir.
Vardanyan və onun kimiləri Bakıda beynəlxalq standartlara tam cavab verən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müntəzəm baş çəkdiyi istintaq təcridxanalarında saxlanıldığı halda, keçmişə – 30 illik işğal dövrünə və Birinci/İkinci Qarabağ müharibələrinə nəzər salmaq kifayətdir ki, əsl humanizm ilə qəddarlığın fərqi görünsün.
Ermənistanın hərbi-siyasi rəhbərliyi azərbaycanlı əsirlərə və girovlara qarşı sistemli, dövlət səviyyəsində idarə olunan insanlıq əleyhinə cinayətlər törətmişdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının topladığı təkzibolunmaz faktlar Ermənistanın törətdiyi dəhşətləri sübut edir. Əsir düşmüş azərbaycanlı hərbçilər və mülki şəxslər (o cümlədən qadınlar və uşaqlar) Xankəndi, Şuşa, İrəvan və Qarakilsə təcridxanalarında dəhşətli işgəncələrə məruz qalıblar. Onların bədənlərinə qızmar metal möhürlərin basılması, dırnaqlarının çıxarılması, elektrik cərəyanı ilə işgəncə verilməsi, ac-susuz saxlanılması adi hala çevrilmişdi.
Bir çox azərbaycanlı əsirlər üzərində qanunsuz tibbi təcrübələr aparılmış, orqanları çıxarılmış və ya naməlum maddələr vuralaraq şikəst edilmişdir. 4000-ə yaxın azərbaycanlının (o cümlədən mülki şəxslərin) taleyi barədə Ermənistan bu günə qədər məlumat vermir. Qazılmış kütləvi məzarlıqlar (Edilli, Fərrux, Daşaltı, Sarıcalı) erməni hərbi dəstələrinin əsirləri necə kütləvi şəkildə qətlə yetirdiyini açıq şəkildə sübut edir.
Qondarma "məhkəmə"
2014-cü ildə öz ata-baba yurdları olan Kəlbəcərdə doğmalarının qəbirlərini ziyaret etmək istəyən Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürüləndə, Həsən Həsənov isə qətlə yetiriləndə Ermənistanın qurma teatrı bütün dünyaya nümayiş olundu. Qanunsuz separatçı rejim beynəlxalq hüququn bütün normalarını tapdalayaraq bu şəxslər üzərində "qondarma məhkəmə" təşkil etdi. Onlara verilən dəhşətli işgəncələr (məhkəmə zalında zərərçəkənlərin tanınmaz halda olması, fiziki zorakılıq izləri) kameraya çəkilərək fəxrlə nümayiş etdirilirdi.
Beynəlxalq ictimaiyyət və hüquq müdafiəçiləri bu açıq-aşkar qanunsuzluğa və uydurma məhkəmə tamaşasına illərlə göz yumdu.
2020-ci ildə və hətta müharibədən sonra əsir düşən Azərbaycan əsgərlərinə (məsələn, dumanlı havada azaraq Ermənistan tərəfə keçən Hüseyn Axundov və Aqşin Babirov) verilən işgəncə kadrları Ermənistan cəmiyyətində qürur mənbəyi kimi sosial şəbəkələrdə paylaşıldı. Hüseyn Axundovun vəhşicəsinə döyülməsi kadrları Ermənistanın "insan hüquqları" anlayışının xülasəsidir.
Bütün bu faktların fonunda, törətdiyi cinayətlərə, separatizmi maliyyələşdirməsinə, Azərbaycanın suverenliyinə qəsd etməsinə baxmayaraq, Ruben Vardanyan Bakıda sivil, beynəlxalq standartlara uyğun, vəkillə təmin olunmuş şəraitdə məhkəmə qarşısına çıxarılır.
Azərbaycan dövləti hər zaman olduğu kimi hüququn aliliyinə və humanizm prinsiplərinə sadiqdir. Lakin bu humanizm cinayətkarların məsuliyyətdən yayınması demək deyil. Vardanyana və onun kiber-media məkanındakı havadarlarına veriləcək en yaxşı cavab – Azərbaycan məhkəməsinin çıxaracağı ədalətli verdict və faktlara söykənən ifşaedici həqiqətlərdir.
30 il boyunca törətdiyi hərbi cinayətləri görməzdən gələnlərin, bu gün bir milyarder-separatçının hüquqlarından dəmd vurması isə qlobal siyasətin nə qədər ikili standartlar üzərində qurulduğunu bir daha sübut edir.
Ruben Vardanyan və digər separatçı xunta rəhbərlərinin (Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, David Babayan, Davit İşxanyan, David Manukyan və Levon Mnatsakanyan) Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılması mütləq şəkildə beynəlxalq hüquq norma və prinsiplərinə dayanır.
Separatçı rəhbərlərin Azərbaycan məhkəməsi tərəfindən mühakimə olunmasının beynəlxalq hüquq müstəvisində sarsılmaz dayaqları var. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu ərazidə törədilmiş hər bir cinayət əməli üzərində müstəsna yurisdiksiya (məhkəmə hüququ) Azərbaycan Respublikasına məxsusdur.
Beynəlxalq hüquqa əsasən, şəxsin vətəndaşlığından asılı olmayaraq (Vardanyan Rusiya/Ermənistan, digərləri Ermənistan vətəndaşı olsa da), cinayət hadisəsi Azərbaycan ərazisində törədilibsə, o, Azərbaycan qanunları ilə mühakimə olunur.
Mülki əhaliyə qarşı terror, qanunsuz silahlı birləşmələrin yaradılması, şəhərlərin (Gəncə, Bərdə, Tərtər) raket atəşinə tutulması müharibə cinayətləri hesab olunur və bu cinayətlərdə iddia müddəti (zaman aşımı) tətbiq edilmir.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ruben Karlenoviç Vardanyana elan olunmuş ittihamlar Azərbaycan Cinayət Məcəlləsinin ağır maddələrini əhatə edir: Maddə 214-1-in (Terrorçuluğu maliyyələşdirmə) mahiyyəti budur ki, Vardanyan qanunsuz rejimə milyonlarla dollar vəsait köçürmək, xaricdən silah, sursat və hərbi texnikanın alınıb Qarabağdakı qanunsuz birləşmələrə paylanmasını maliyyələşdirməkdə təqsirləndirilir. Maddə 279.3 (Qanunsuz silahlı birləşmələri yaratma və onların fəaliyyətində iştirak etmə) isə qanunsuz hərbi birləşmələrin formalaşdırılmasında, onların idarə olunmasında, komanda heyətinin təminatında və Azərbaycan Ordusuna qarşı mövqelərin möhkəmləndirilməsində birbaşa iştirakı. Maddə 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə). 2022-ci ilin sentyabrında Azərbaycanın rəsmi sərhəd-keçid məntəqələrindən kənar, xüsusi xidmət orqanlarının dəstəyi ilə Laçın dəhlizi vasitəsilə ölkə ərazisinə qanunsuz daxil olması.
Arayik Harutyunyan, Bako Sahakyan, Arkadi Qukasyan və digər hərbi-siyasi xunta nümayəndələrinə qarşı irəli sürülən ittihamlar daha geniş hərbi cinayətlər spektrini kapsayır. Sülh və insanlıq əleyhinə cinayətlər
(Maddə 103 – soyqırımı, Maddə 107 – əhalini depertasiya etmə): 30 il ərzində 1 milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin salınması, Xocalı soyqırımı və digər kütləvi qətliamların təşkili.
Müharibə qanunlarını və adətlərini pozma (Maddə 116): 44 günlük müharibə dövründə Arayik Harutyunyanın açıq etiraf etdiyi kimi, döyüş zonasından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir kimi mülki şəhərlərin ballistik raketlərlə (Smerç, Skad) bombardman edilməsi əmri.
Təcavüzkar müharibəni planlaşdırma və aparma (Maddə 100): Azərbaycanın suveren ərazilərində işğal rejiminin saxlanılması, dövlət strukturlarının qanunsuz fəaliyyəti.
Vardanyan və digərlərinin məhkəmə prosesi beynəlxalq hüquqi standartlara tam uyğun şəkildə həyata keçirilib. Bütün təqsirləndirilən şəxslər öz ana dillərində (erməni dilində) tərcüməçilərlə və müstəqil müdafiəçilərlə (vəkillərlə) təmin olunublar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri mütəmadi olaraq onların saxlanma şəraitinə, səhhətinə və hüquqlarının qorunmasına baş çəkir və bu barədə beynəlxalq hesabatlar hazırlayırlar.
Ruben Vardanyan və separatçı rejimin digər rəhbərlərinin Bakıda yargılanması – siyasi qisas deyil, beynəlxalq hüququn, ərazi bütövlüyünün və hüquqi ədalətin bərpa olunmasıdır. Bu məhkəmə prosesi gələcəkdə başqa dövlətlərin suverenliyinə qəsd etmək, separatizmi maliyyələşdirmək və terrora dəstək vermək istəyən bütün beynəlxalq avantüristlər üçün mühüm hüquqi emsal (прецедент) olacaq.
V.VƏLİLİ