“2023-cü il uğurlu antiterror əməliyyatından üç il ötür. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təmin edən həlledici mərhələ kimi tarixə düşdü”.
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağda uzun illər mövcud olmuş separatçı rejimin hərbi-siyasi fəaliyyəti dayandırıldı və Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində bərqərar oldu:
“2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri ölkənin ərazi bütövlüyünün ardınca dövlət suverenliyinin də tam təmin edilməsi idi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmaması, bölgədə qanunsuz silahlı birləşmələrin saxlanılması, minaların yerləşdirilməsi və hərbi təxribatların davam etdirilməsi vəziyyəti getdikcə daha da mürəkkəbləşdirirdi.
2023-cü ilin sentyabrında isə gərginlik pik həddə çatdı. Sentyabrın 19-da separatçıların mina təxribatı nəticəsində mülki vətəndaşlar və polis əməkdaşlarının həlak olması, eləcə də Azərbaycan mövqelərinin atəşə tutulması antiterror tədbirlərinin başlanmasına səbəb oldu.
Sentyabrın 19-da Azərbaycan Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Rəsmi açıqlamaya görə, əməliyyatın əsas məqsədləri Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və ərazidən çıxarılması, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası idi.
Əməliyyat yüksək dəqiqlik və qısa müddət ərzində həyata keçirildi. Sentyabrın 20-də, cəmi 23 saatdan sonra, Qarabağdakı erməni sakinlərin nümayəndələrinin müraciəti nəzərə alınaraq tədbirlərin dayandırılması barədə razılaşma əldə edildi. Razılaşmanın şərtləri arasında Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz dəstələrin silahı yerə qoyması, mövqelərdən çıxması və tam tərksilah olunması vardı.
8 Noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən əsas mərhələ idisə, 20 sentyabr 2023-cü il Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpasını təmin edən tarixi gün oldu.
Qarabağda uzun illər fəaliyyət göstərən qanunsuz separatçı idarəetmə strukturu da öz mövcudluğunu dayandırdı.
Sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyanın imzaladığı sənəddə həmin qanunsuz strukturun fəaliyyətinə son qoyulması nəzərdə tutuldu. Beləliklə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində uzun müddət mövcud olmuş separatçı idarəetmə modeli cəhənnəmə vasil oldu.
Prezident İlham Əliyevin fə bəyan etdiyi kimi, “Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.”
Bu, Azərbaycanın son üç onillikdə qarşılaşdığı ən ciddi təhlükələrdən birinin aradan qaldırılması demək idi.
Uğurlu antiterror tədbirlərinin başa çatması ilə Azərbaycanın qarşısında yeni mərhələ açıldı. Hərbi məsələnin həlli ilə yanaşı, Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsi gündəmə gəldi.
Sentyabrın 21-də Yevlaxda Azərbaycan dövlət nümayəndələri ilə Qarabağdakı erməni sakinlərin nümayəndələri arasında görüş keçirildi. Azərbaycan tərəfi bölgədə yaşayan erməni sakinlərin Azərbaycan qanunları əsasında cəmiyyətə inteqrasiyasını təklif etdi.
Beləliklə, 19–20 sentyabr əməliyyatı həm də yeni siyasi-hüquqi reallığın başlanğıcı idi. Ərazi üzərində faktiki nəzarətin təmin olunmasından sonra əsas istiqamət hüquqi idarəetmənin, təhlükəsizliyin, sosial-iqtisadi inkişafın və bərpa-quruculuq proseslərinin təmin edilməsinə yönəldi.
Bu tarixi hadisənin Azərbaycan dövlətçiliyi üçün əhəmiyyəti 2024-cü ildə qəbul edilən qərarla da rəsmiləşdirildi. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
Qarabağda separatizmin kökünün kəsilməsilə regionda təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün yeni reallıq formalaşdırdı.
Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, yeni yaşayış məntəqələri və infrastruktur layihələri həyata keçirilir.
Azərbaycan bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Qarabağın digər yaşayış məntəqələrində dalğalanması isə dövlət suverenliyinin real və əyani ifadəsinə çevrilib.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “20 sentyabr 2023-cü il bizim tariximizdə əbədi qalacaq”.